Şriftin ölçüsü :

Saytın rəngi :

B.Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir

15 sentyabr 2011 | 15:00

B. Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbi Sumqayıt şəhərində fəaliyyət göstərir. Məktəbdə təhsil alan 300-dək şagirdin təlim-tərbiyəsi ilə 57 müəllim məşğul olur.
Sentyabrın 15-də məktəbin şagird və müəllim kollektivi ikiqat bayram sevinci yaşamışlar. Həmin gün Bilik gününün qeyd edilməsi ilə yanaşı, əsaslı təmir və yenidənqurmadan sonra 2 nömrəli tam orta məktəbin binasının açılış mərasimi olmuşdur.
Rayon rəhbərlərinin, müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov respublikamızda iqtisadiyyatın sürətlə inkişaf etməsindən, elmə, təhsilə dövlət qayğısından, ölkədə hər il yeni məktəb binalarının tikilməsindən, Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Bildirilmişdir ki, rayonun yerli vəsaiti hesabına əsaslı təmir olunmuş 2 nömrəli məktəbin binası tamamilə yeniləşmiş, sinif otaqlarının sayı artırılaraq 16-ya çatdırılmış, bütün sinif otaqları zəruri avadanlıq və ləvazimatla təmin edilmişdir.
M.İsaqov Qubadlı şəhər 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin onlar üçün yaradılmış bu şəraitdən maksimum səmərəli istifadə edərək şagirdlərin təlim-tərbiyəsi sahəsində daha yüksək nəticələr əldə edəcəklərinə əminliyini bildirmişdir. O, yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə bütün təhsil işçilərini və məktəbin kollektivini təbrik etmişdir.
Digər çıxış edənlər respublikada məktəb tikintisinin ənənəvi hal aldığını, Prezident İlham Əliyevin milli təhsilin inkişafı istiqamətində həyata keçirdiyi siyasətin Qubadlı rayonunda da uğurlu bəhrələrini verdiyini qeyd etmişlər.
Bildirilmişdir ki, təhsil sahəsində qazanılan uğurlarda Qubadlı rayonunun da xüsusi payı vardır. Bu, ali məktəblərə daxil olan məzunların sayında və yüksək nəticələrin qazanılmasında özünü göstərir.
Qubadlı rayonunda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərin nəticəsidir ki, rayon məktəblərinin məzunları arasında ali məktəblərə qəbul olanların sayı ilbəil artır. Təkcə bu il rayon üzrə məzunlardan 132 nəfəri (40 faiz) tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul imtahanlarında məzunların 20 nəfəri 500-dən, 8 nəfəri 600-dən çox bal toplamış, bir nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Bu uğurların qazanılmasında B.Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbin də payı vardır.
Sonda qonaqlar məktəbin sinif otaqları ilə tanış olmuşlar.
 

Keçidlər