Qubadlı rayon müəllimlərinin konfransı
Sumqayıtda yerləşən Qubadlı Rayonu İcra Hakimiyyətində bu il qəbul imtahanlarında yüksək bal toplayaraq respublikanın ali məktəblərinə qəbul olunmuş 18 nəfər birinci kurs tələbəsi ilə görüş olmuşdur. Sonra tələbələr ictimaiyyətin nümayəndələri ilə birlikdə icra hakimiyyəti binasının vestibülündə ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoymuşlar.
Daha sonra “28 May” mədəniyyət evində Qubadlı rayonu müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə mədəniyyət klubunun foyesində rayonun ən yaxşı məktəbləri haqqında stendlərlə tanış olmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Rayon müəllimlərinin konfransı işgüzar şəraitdə keçmişdir. Konfransda keçən dərs ilinə yekun vurulmuş, yeni dərs ili üçün perspektivlər müəyyən edilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva 2010-2011-ci dərs ilinin yekunları haqqında məruzə ilə çıxış etmişdir. Onun çıxışında səslənən faktlar və rəqəmlər monitorda nümayiş etdirilən diaqramlar, cədvəllər və slaydlarla müşayiət olunmuşdur.
Qeyd edilmişdir ki, başa çatmış dərs ilində rayonun 32 orta məktəbində 6627 şagird təhsil almış, onlara 976 müəllim dərs demişdir. Bundan əlavə, rayonun şahmat və idman məktəbləri, habelə uşaqların yaradıcılıq mərkəzi və texniki idman məktəbi fəaliyyət göstərir. Məktəblərdə müəllim–şagird-valideyn əlaqələri getdikcə möhkəmlənir. Bu şəraitdə təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiş konkret tədbirlər həyata keçirilmişdir.
Qəbul imtahanlarının yekunlarına görə təhsilini ali məktəblərdə davam etdirmək arzusunda olan məzunların 42 faizi tələbə olmuşdur. Bu, Bakı şəhərindən sonra respublika üzrə ikinci ən yüksək göstəricidir.
Məruzədə məzunların ali məktəblərə daxil olarkən topladıqları balların müsbət dinamikası da qeyd edilmişdir. Belə ki, 2007-ci ildə rayon məzunlarından yalnız ikisi qəbul imtahanlarında 600-dən çox bal topladığı halda, bu il belə abituriyentlərin sayı səkkizə çatmışdır. Ümumiyyətlə, bu il ali məktəblərə daxil olmuş 18 abituriyent 500-dən yuxarı bal toplamış, birinci kurs tələbələrindən bir nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. Ölkənin şimal regionunu təmsil edən komandalar arasında “Şahin” hərbi-idman oyununda “Qubadlı-şəhər” komandası ən yaxşı nəticə göstərmişdir. Məruzədə qeyd edilmişdir ki, Xələc kənd məktəbinin kollektivi mərkəzləşdirilmiş buraxılış imtahanlarında mütəmadi olaraq 100 faiz nəticə göstərir. Milli Qəhrəman Əliyar Əliyev adına Qazyan kənd orta məktəbi isə rayonun tədris müəssisələri arasında keçirilən müsabiqənin qalibi olmuşdur. Bu məktəbin məzunlarının 80 faizi tələbə olmuşdur. Təhsil şöbəsinin fəaliyyətinin bütün cəhətlərini əhatə edən məruzədə tənqidə də yer ayrılmış, müəllimlər tərəfindən ciddi münasibət tələb edən bir sıra mühüm məsələlər qaldırılmışdır.
Konfransda çıxış edən məktəb rəhbərləri, qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələri, valideynlər xüsusi vurğulamışlar ki, qazanılmış uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına diqqət və qayğısının nəticəsidir. Bildirilmişdir ki, son illərdə 11 məktəb binası tikilmiş, 14 məktəbin binası isə əsaslı təmir edilmişdir. Əsaslı təmirdən sonra 2 nömrəli orta məktəb yeni tədris ilində şagirdləri qəbul edəcəkdir. Bütün məktəblər yerli qızdırıcı sistemlərlə, müasir avadanlıq və mebel ilə təchiz olunmuşdur. Orta məktəblərdə sürətli internet şəbəkəsinə qoşulmuş kompyuter sinifləri vardır.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov konfransda çıxış etmişdir. Yeni dərs ilinin başlanması münasibətilə müəllimləri təbrik edərək konkret faktlara, statistik göstəricilərə istinadla Azərbaycanın intensiv inkişafı haqqında söhbət açan rayon rəhbəri qeyd etmişdir ki, rifah halının dinamik yüksəlişi fonunda təhsilin səviyyəsinə tələblər də artır. Dövlətimizin başçısı İlham Əliyevin respublikada təhsil sisteminin təkmilləşdirilməsi məsələsinin daim diqqət mərkəzində saxladığını vurğulayan M.İsaqov Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.
İcra başçısı bəzi məktəblərin və onların rəhbərlərinin işini tənqid etmiş, konkret təkliflər irəli sürmüşdür. O, məktəb rəhbərlərini təşəbbüskarlıq göstərməyə, keçmiş məzunlarla, habelə rayonun nüfuzlu adamları ilə əlaqələri gücləndirməyə, məktəblilərin yaradıcılıq vərdişlərini stimullaşdırmağa, onların peşə yönümünə diqqəti artırmağa çağırmışdır.
Konfransda respublikanın ali məktəblərinə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq tələbə adı qazanmış abituriyentlərin hər birinə qiymətli hədiyyələr verilmişdir.
Konfrans iştirakçıları qətnamə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.