Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Vasili Əliyevin anım günü

15 yanvar 2019 | 16:00

Anım günü

       15 yanvar 2019-cu il tarixdə RİH-nin təşkilatçılığı ilə Qara İlyasov adına Qubadlı rayon Şəhər-1 saylı tam orta məktəbdə Milli Qəhrəman Vasili Əliyevin 60 yaşının tamam olması münasibəti ilə anım tədbiri keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, Qubadlı RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri, eyni zamanda  məktəb kollektivi iştirak edirdi.
       Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra, Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Vasili Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.
       Tədbirdə  çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva qeyd etdilər ki, şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Son illər Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
        Həmçinin qeyd edildi ki, Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 şəhid vermişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə rayonumuzdan olan 11 nəfərə  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Onlardan  Həmidov Şükür və  Fəxrəddin Cəbrayılov hal hazırda yaşayır. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. RİH başçısı cənab Malik İsaqovun tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı olaraq öyrənilir, həllinə köməklik göstərilir. Əlamətdar bayram günlərində şəhid ailələrinə bayram sovqatları verilir.
       Qeyd olundu ki, Qubadlının başını uca edən şəhidlərdən biri də Əliyev Vasili Əhməd oğludur.Vasili Əliyev 15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1976-cı ildə doğma kəndlərində orta təhsilini başa vurmuş, 1977-ci ildə rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Daxili qoşunlarda xidmət V.Əliyevin polis peşəsinə həvəsini daha da gücləndirdi. Ordudan tərxis olunaraq, mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon DİŞ-ə polis nəfəri kimi işə qəbul olundu. Nümunəvi xidmətinə görə DİN tərəfindən "Polis əlaçısı" döş nişanı ilə təltif edilmişdir. 1988-ci ildən başlayaraq V.Əliyev mütəmadi olaraq döyüş meydanlarında əhalinin təhlükəsizliyinin təmin olunmasında xidmət göstərir. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığında qurulmuş düşmən toplarının məhv edilməsində Vasilinin də xidmətləri olmuşdur. V. Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.
       1992-ci il 19 oktyabrda Qaraqaya yüksəkliyi uğrunda yenidən döyüş başladı. Qeyri-bərabər döyüşdə qəhrəmanımız xüsusi rəşadət nümayiş etdirdi. Düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Özü isə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-ci il tarixli 599 saylı Fərmanı ilə Əliyev Vasili Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
       Qubadlı rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qubadlı rayon mədəniyyət evi qəhrəmanın adını daşıyır.
      Tədbirdə Qara İlyasov adına Qubadlı rayon Şəhər-1 saylı tam orta məktəbin direktoru Hümbətəliyev Hümbət, şəhidin döyüş yoldaşları Vasili Əliyevin keçdiyi şərəfli döyüş yollarından və göstərdiyi qəhrəmanlıqdan danışaraq öz xatirələrini bölüşdülər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sahəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
         Sumqayıt şəhər polis idarəsində kadr və peşə hazırlığı şöbəsində baş inspektor vəzifəsində çalışan şəhidin həyat yoldaşı Əliyeva Aygün çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlığını bildirdi.
Anım tədbirinin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər