Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 29-cu ildönümü

19 yanvar 2019 | 16:00

20 Yanvar faciəsinin 29-cu ildönümü

  Qubadlı rayonunda “20 Yanvar faciəsi”nin 29-cu il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq 19 yanvar 2019-cu il tarixində Bəhmən Mehdiyev adına Qubadlı rayon Şəhər-2 saylı tam orta məktəbdə Qubadlı rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar” şəhidlərinin anım mərasimi keçirildi. Təşkil olunmuş tədbirdə RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
       Tədbir iştirakçıları xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, məktəbin direktoru Məmmədov Yavər tərəfindən açıq elan edilən mərasimdə “20 Yanvar” faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonra Qubadlı rayon Şəhər-1 saylı tam orta məktəbin müəllimi Ayna İsaqova məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki,  Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 137 insan şəhid olmuş, 744  adam  ağır  xəsarət almış, onlardan 331 nəfəri bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 870 nəfər həbs olunmuş, müxtəlif işgəncələrə məruz qalmışlar. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı.
Sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev  20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq qeyd etdi ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müthiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hal-hazırda əsası Ulu  Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
  Sonda məktəblilərin ifasında “20 Yanvar” şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər