Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir

01 sentyabr 2011 | 15:00

18 il əvvəl avqustun 31-də Azərbaycanın qədim insan məskənlərindən biri olan Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu gün rayonun 94 kəndi, 74 təhsil, 86 səhiyyə, 108 mədəni-maarif, 6 sənaye müəssisəsi, 18 dəyirman, 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyi işğalçılar tərəfindən tamamilə dağıdılmış və talan edilmişdir. İşğaldan sonra rayonun əhalisi əsasən Bakı və Sumqayıt şəhərlərində, ümumilikdə respublikanın 42 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Hazırda rayonun 36 təhsil, 3 səhiyyə, 5 mədəniyyət müəssisəsi, 25 idarə və təşkilatı fəaliyyət göstərir.
Müharibə nəticəsində rayonun 238 sakini, o cümlədən 40 qadın, 4 uşaq şəhid olmuş, 211 nəfər əlilə çevrilmişdir. Doqquz nəfər Qubadlı sakininə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Qubadlı Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə rayon ictimaiyyətinin nümayəndələri işğalın ildönümü günü – avqustun 31-də Sumqayıtın Şəhidlər xiyabanına gələrək “Əbədi məşəl”in önünə əklil qoymuş, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd oğulların məzarları üstünə güllər düzmüşlər. Bu xiyabanda 33 qubadlılı şəhid də uyuyur. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Anma mərasimində Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və İctimai Birliyin idarə heyətinin üzvləri iştirak etmişlər.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov demişdir ki, bu gün hər birimiz üçün ağır gündür. Natiq məlumat vermişdir ki, rayonun sakinləri müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrində yerli hakimiyyət orqanları tərəfindən qayğı ilə əhatə olunmuşlar. İcra hakimiyyətinin başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlərə rəhmət diləmişdir.
Bayram Səfərov Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Qubadlı uğrunda şəhid olanlara rəhmət diləmiş və demişdir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində qüdrətlənən ordumuz işğalçıları ərazilərimizdən qovacaq, həlak olmuş Vətən övladlarının qisasını alacaqdır.
İcma rəhbəri münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda tərəflərin mövqeyi barədə məlumat vermiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərdən danışmışdır.
Çıxış edənlər doğma yurdlarına qayıdacaqlarına inamlarını ifadə etmiş, məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda iştirakçılara üç dildə (Azərbaycan, rus, ingilis) nəşr edilmiş və Qubadlı haqqında məlumatların əks olunduğu bukletlər paylanmışdır.
 

Keçidlər