Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yiğincaği keçirildi

11 may 2019 | 16:00

Hesabat yiğincaği keçirildi

    11 may 2019-cu il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin iclas zalında 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
   Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, RİH-in məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri iştirak edirdilər. 
   Yığıncaq açıq elan edildikdən sonra tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin  başçısı cənab Malik İsaqov Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Qeyd olundu ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Qubadlı rayonunun sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. 2019-cu ilin I rübündə rayonda fəaliyyət göstərən, idarə, müəssisə və təşkilatlar, eyni zamanda inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.
   Malik İsaqov vurğuladı ki, Qubadlı rayonunun respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşan 38 min 100 nəfər əhalisinin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülüb və 2019-cu ilin I rübündə də bu işlər davam etdirilib.
  Qeyd edildi ki, 2018-ci ilin dekabr ayında cənab prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva Abşeron rayonunun st.Sumqayıt adlanan ərazisində və Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində məcburi köçkünlər üçün inşa edilən şəhərciklərin açılışında iştirak ediblər. Abşeron rayonunun st.Sumqayıt adlanan ərazisindəki şəhərciyə 307 ailə, Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisindəki şəhərciyə 418 ailə, Qaradağ rayonunun “Ümid” qəsəbəsinə isə 9 ailə köçürülüb. Abşeron rayonunun st.Sumqayıt adlanan ərazisindəki şəhərcikdə rayonun Gigiyena və Epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı rayon 1 saylı körpələr evi-uşaq baxçası və Rayon Rabitə Qovşağının poçt agentliyi fəaliyyətə başlayıb. Bunun da nəticəsi olaraq 50 nəfər işlə təmin edilib.
   Cari ilin I rübündə rayonun hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələrini yerinə yetiriblər. Asayişin qorunması təmin edilib və heç bir kriminogen durum qeydə alınmayıb.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən 50 nəfər hərbi xidmətə, 604 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınıb.
Rayon Vergilər Şöbəsi də öz işini günün tələbləri baxımından qurmağa çalışıb. Şöbədə 1696 vergi ödəyicisi qeydə alınıb ki, onların da hazırda 881-i faktiki olaraq fəaliyyət göstərir.
   Başçı qeyd etdi ki, bunlardan əlavə rayon İcra hakimiyyətinin daxili imkanları hesabına cari ilin üç ayı ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, “1941-45-ci illər müharibəsi” veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 17 min 410 manat pul köməkliyi edilmişdir.
   Bildirildi ki, hesabat dövrü Məşğulluq Mərkəzi tərəfindən sakinlərin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib. Rayonda 20 min 600 nəfər əmək qabiliyyətli əhali var. Cari ilin birinci rübündə 46 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 943-ə çatıb.
   Rayon Təhsil Şöbəsi də işini müvafiq Qanun və təlimatlar əsasında qurub, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərib. Hesabat dövrü Təhsil Şöbəsində növbəti dərs ilinin yekununun yaxınlaşması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilib. 2019-cu ilin birinci rübündə pedaqoji kollektivlərimiz üçün ən əlamətdar hadisə Məcburi Köçkünlər üçün st.Sumqayıt ərazisində salınmış yeni qəsəbədə rayonun Hal, Dəmirçilər, Şəhər-4 saylı tam orta məktəblərinin müasir layihə əsasında tikilmiş yeni məktəbdə fəaliyyətlərini davam etdirmələri olmuşdur.
Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyasında rayon İcra Hakimiyyətinin köməkliy ilə məktəblilərin iştirakının təmin edilməsi, yeni şəhərcikdə məktəblərin həyətində yaşıllıqların əkilməsi, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı məktəblərdə keçirilən “Dəyirmi masalar” hesabat dövründə görülmüş işlərdəndir.
     Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək, rüb ərzində 5885 ambulator xəstə qəbul edib.
      İlin ilk üç ayında kənd təsərrüfatı sahəsində də görülən işlərdən danışan Malik İsaqov qeyd etdi ki, baramaçılığın inkişafı üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilən Çin Xalq Respublikasından gətirilmiş və yerli sortlardan olan 11 min 500 ədəd tut tinginə yaz aylarında qulluq edilməsi məqsədilə bütün tədbirlər görülüb. 2019-cu ildə barama istehsalı ilə əlaqədar olaraq Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu, yəni 494 qram ipəkqurdu toxumu götürülərək baramaçılara paylanılıb və çalışacağıq ki, bu il dövlətə ötən ildəkindən daha çox barama təhvil verək.
   Malik İsaqov bildirdi ki, rayonda, xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. Artıq arı ailələrinin sayı 4 min 477-yə çatdırılıb. Arıçılığı inkişaf etdirmək məqsədilə müraciət etmiş 82 arıçıya dövlət hesabına 35 min 400 manat subsidiya verilib.
   Daha sonra çıxış edən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüslət Əhmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov və Qubadlı şəhər İƏD üzrə nümayəndə İlyas Süleymanov müvafiq sahələr üzrə görülən işlərdən bəhs edərək, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.
    Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov geniş çıxış edərək dövlət başçısının qarşıya qoyduğu konkret vəzifələrdən danışdı, həmçinin məcburi köçkünlərə diqqət və qayğısından bəhs etdi.
   Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparıldı və yerlərdən ictimaiyyət nümayəndələrinin çıxışları dinlənildi.  
     Yekunda cənab Malik İsaqov bildirdi ki, görülən bütün işlərin təməlində insan amili durur. Əhalinin hər bir müraciəti, təklifləri, xahişləri daim diqqət mərkəzində saxlanılmalıdır.
   Sonda hesabat yığıncağının qərar layihəsi oxundu.

Keçidlər