Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır. Malik İsaqovun növbəti səyyar qəbulu isə 11 may 2019-cu il tarixində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Qubadlı rayonu, Kərəm Mirzəyev adına Xanlıq-1 kənd tam orta məktəbində keçirildi.
62 nəfərin iştirakı ilə həyata keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Rayon Icra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən İcra başçısı bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq davam etdirildiyini bildirərək çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırmışdır.
Qəbulda 24 nəfər sakin müraciət etmişdir ki, onlardan 9 nəfəri mənzil probleminin olduğunu və bu məsələdə onlara köməklik olunması üçün, 7 nəfəri maddi yardımın olunmasına, digər 8 nəfəri isə müxtəlif məsələlərlə bağlı- torpaqlarımızın azad edilməsi üçün səfərbərlik elan edilməsi, iş yerinin dəyişdirilməsi (Ağdam rayon sakini), məskunlaşdığı yataqxananın komendantı tərəfindən incidilməsi (Ağdam rayon sakini), Slavyan Universitetində təhsil alan övladının təhsil haqqının ödənilməsinə köməklik olunması , Xanlıq kənd məktəblərindən 1-ə əslən Qubadlı rayonunun Xanlıq kəndindən olan akademik Səmədov Əhməd Məcid oğlunun adının verilməsi, təsərrüfatdan ayrılma və tikdiyi evə yolun çəkilməsinə köməklik olunması ilə bağlı olmuşdur.
Maddi yardımla bağlı olunan müraciətlər yerində həll edilmiş, mənzillə bağlı olunmuş müraciətlərin həllinə köməklik olunması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən məktubla müraciət olunacağı digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilmişdir.