Şriftin ölçüsü :

Saytın rəngi :

25 oktyabr Qubadlı Şəhəri Günü ilə əlaqədar tədbir keçirildi

25 oktyabr 2025 | 16:57

25 oktyabr 2025-ci il tarixdəQubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 oktyabr Qubadlı Şəhəri Günü ilə əlaqədar Abşeron rayonu, St.Sumqayıt ərazisində salınmış istirahət parkında və həmin ərazidə fəaliyyət göstərən rayonun idarə və müəssisələrinin həyətyanı sahələrində ağacəkmə aksiyası və iməclik təşkil olundu.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, Kommunal Müəssisələr Kombinatının işçiləri,RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimaiyyət nümayəndələriiştirak edirdilər.

Zəngin tarixə malik olan Qubadlı rayonu 31.08.1993-cü il tarixdə erməni təcavuzkatları tərəfindən işğal olunmuşdur. Bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır.

Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-diyarşünaslıq muzeyi məhv edilmişdir.

Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 473 nəfər əlil olmuş, 100 nəfərdən çox insan itgin düşmüşdür. Birinci Qarabağ muharibəsi zamanı 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal-hazırda 40193 nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb.

27 sentyabr 2020-ci il tarixdən başlayan əks hücum əməliyyatı zamanı 44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 298 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Rayonumuzdan olan hərbiçilərimiz Prezident İlham Əliyevin Sərəncamı ilə 200-dən yuxarı müxtəlif orden və medallarla təltif olunmuşdur.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı,  Ağdərə, Xankəndi şəhərlərində Azərbaycanın bayrağı ucaldıldı.

Hal-hazırda Ölkə başçısının göstərişi əsasında hazırlanmış və təsdiq etdiyi “Böyük Qayıdış” Proqramının icrası olaraq digər işğaldan azad olunmuş rayonlarımızda olduğu kimi Qubadlı rayonunda da tikinti yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Bütün Qubadlılar böyük sevinc və qürur hissi ilə “Böyük Qayıdış”ı gözləyirlər.

Qubadlı Şəhəri Günü ilə əlaqədar ağacəkmə aksiyasında ümumilikdə 300 ədəd sərv ağacı və 1500 ədəd qızılgül kolları əkildi.Ağaclar və gül kolları əkilən idarə, müəssisələrin həyətyanı sahələrində və istirahət parkında təmizlik işləri aparıldı.

 

Keçidlər