Şriftin ölçüsü :

Saytın rəngi :

2011-ci ilin yekunu

14 fevral 2012 | 16:00

14 fevral 2012-ci il tarixdə Sumqayıt şəhərindəki “28 May” mədəniyyət evində Qubadlı rayonunun ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri qoymuşlar. Sonra mədəniyyət evinin foyesində təşkil edilmiş və Qubadlı rayonu üzrə 2011-ci ilin yekun statistik göstəricilərini əks etdirən stendlərlə tanış olmuşlar.
İclasdan əvvəl Qubadlı rayonunun rəsmi saytı təqdim olunmuşdur.
Yığıncaqda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirdi ki, 2011-ci il Azərbaycanın tarixində əlamətdar hadisələrlə zəngin olan ildir. Ötən il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ölkədə böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edilmişdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu daha da artmışdır. Azərbaycanın Birləşmış Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə diplomatiyamızın böyük qələbəsi, dövlətimizin dünyada artan nüfuzunun göstəricisi olmuşdur. Azərbaycan 2011-ci ilin yekunlarına görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla, yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.
M.İsaqov ötən il həyata keçirilən konkret tədbirlərdən danışmazdan əvvəl rayon əhalisinin məskunlaşma coğrafiyasını diqqətə çatdırdı. Qeyd etdi ki, hazırda rayonun 34 min 508 nəfər əhalisi vardır. Onlar respublikanın 42 yaşayış məntəqəsində məskunlaşsa da, böyük əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Belə ki, 21 min 835 nəfər, yaxud əhalinin 63,3 faizi Sumqayıt şəhərində, 9843 nəfər, yaxud əhalinin 28,5 faizi Bakı şəhərinin rayonlarında, 1262 nəfər, yaxud əhalinin 3,7 faizi Abşeron rayonu ərazisindədir. 1865 nəfər isə digər şəhər və rayonlarda məskunlaşmışdır.
Əhalinin hamısı rayon icra hakimiyyətinin 31 ərazi vahidi üzrə nümayəndəliyində birləşir. Əksər ərazi nümayəndəliklərinin əhalisi də pərakəndə şəkildə, yəni həm Abşeron yarımadası ərazisini əhatə edən yaşayış məntəqələrində, həm də kənd rayonlarında yerləşmişdir.
Buna görə də rayon icra hakimiyyəti və onun yerli srukturları öz işlərini köçkünlərimizin məskunlaşma spesifikasına uyğun qurmaq məcburiyyətindədir.
Buna baxmayaraq, ötən ildə də əsas diqqət məcburi köçkünlərin kommunal problemlərinin həllinə, sosial rifahlarının yaxşılaşdırılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, ümumiyyətlə, əhaliyə xidmət edən idarə, müəssisə və təşkilatların, icra strukturlarının işinin səmərəli qurulmasına yönəldilmişdir. Nəticə etibarilə ötən il rayonumuzda xeyli işlər görülmüşdür. Rayon vergilər idarəsinin, maliyyə, təhsil, mədəniyyət və turizm şöbələrinin, mədəniyyət evinin, Mahmudlu kənd uşaq musiqi məktəbinin, Mahmudlu və Yuxarı Mollu kənd tam orta məktəblərinin yerləşdiyi binalarda istilik sistemləri quraşdırılmışdır. Burada dam örtüklərinin yumşaq materiallarla əsaslı təmiri və mədəniyyət evinin cari təmir işləri başa çatdırılmışdır. Mərkəzi xəstəxananın poliklinika binasında cari təmir işləri aparılmışdır.
Bildirilmişdir ki, il ərzində Sumqayıt şəhərində və digər ərazilərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərin mənzillərində yaranan qəzalı vəziyyət aradan qaldırılmış, divarlarda bərkitmə və suvaq işləri aparılmış, dam örtüyünün təmiri üçün lazım olan tikinti materialları ilə köməklik göstərilmiş, qaz, su və elektrik enerjisi ilə bağlı yaranan problemlər öz müsbət həllini tapmışdır.
Rayonda son illər həyata keçirilən tədbirlərin nəticəsində əmək qabiliyyətli əhalinin xeyli hissəsi işlə təmin olunmuşdur. Bundan əlavə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələblərinə uyğun olaraq indiyədək 2 min 274 yeni iş yeri, o cümlədən 2011-ci ildə 292 iş yeri açılmışdır.
2011-ci ildə rayonun təhsil şəbəkəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində iş davam etdirilmişdir. 6 məktəb əsaslı təmir edilərək yenidən qurulmuş, siniflər kompyuter və avadanlıqlarla təchiz edilmişdir. Hazırda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbinin binasının 10-u yeni inşa olunmuş, qalanları isə yenidən qurulmuş və ya əsaslı təmir edilmişdir. İndi 6 min 545 şagirdin təhsil almasına müasir tələblər səviyyəsində cavab verən məktəblərimiz var. Onlarda 849 nəfər pedaqoji işçi çalışır. Bu sahədə, yaradılmış maddi baza ilbəil təhsilin keyfiyyətinin yüksəldilməsinə öz bəhrəsini verməkdədir. Məzunların 850 nəfəri respublikanın ayrı-ayrı ali təhsil müəssisələrində təhsillərini uğurla davam etdirir. Xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrində oxuyanların sayı da artır. Ötən ilin göstəricilərini də qənaətbəxş hesab etmək olar. Məzunların 41 faizinin, yaxud 132 nəfərinin 2011-ci ildə ali təhsil müəssisələrinə qəbul olunması, test imtahanlarında 21 nəfərin 500-700 arası yüksək bal yığa bilməsi, bir nəfərin isə Prezident təqaüdünə layiq görülməsi bütövlükdə təhsil şöbəsinin və məktəblərimizin böyük uğurudur.
Ötən il əhalinin yardım və köməyə ehtiyacı olan aztəminatlı hissəsi daim rayon icra hakimiyyətinin diqqətində saxlanılmış, onlara imkan dairəsində kömək göstərilmişdir. 2011-ci ildə şəhid ailələrinə 28 min manatlıq ərzaq yardımı, aztəminatlı ailələrə isə 4 min 225 manat dəyərində sənaye malları paylanmışdır.
İmkansız ailələrə yas mərasimlərinin təşkili, mənzillərinin təmiri, müalicə və dərman preparatlarının alınması üçün il ərzində 90 min manatadək maddi köməklik göstərilmiş, tələbə gənclərə kompyuter hədiyyələri verilmişdir. Ötən il 5 nəfər Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlili pulsuz avtomobillə təmin olunmuşdur.
Yığıncaqda çıxış edənlər görülən işləri ölkə Prezidentinin bu kateqoriyadan olan insanlara qayğısının təzahürü kimi dəyərləndirmişlər. Çıxışların əsas qayəsi bu olmuşdur ki, Qubadlı rayonunun əhalisi dövlətimizin başçısına inanır, onun siyasətini müdafiə edir.
Tədbirdə uzun illər rayonun ictimai-siyasi həyatında səmərəli və fəal iştiraklarına görə bir qrup rayon ziyalısı - Saray kənd sakini Yusif İsayev, Dondarlı kənd sakini Lətif Məhərrəmov, Qubadlı şəhər sakini Süleyman Rüstəmov RİH başçısının fəxri fərmanı ilə təltif olundular.
Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxış etdilər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev və Milli Məclisin deputatı İmamverdi İsmayılov iştirak və çıxış etdilər.
Sonda yığıncağın qətnaməsi oxundu, iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
 

Keçidlər