26 iyun Silahlı Qüvvələr Günü
23 iyun 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında “Heydər Əliyev ili” çərçivəsində 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda Ordu quruculuğu” mövzusunda və 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcraHakimiyyətinin başçısı Malik İsaqov,YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər və hərbi qulluqçular iştirake dirdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 23 iyunDövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Prezident İlham Əliyevin 25 may 2006-ci il tarixli Sərəncamı ilə 23 iyun tarixi Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmuşdur. Bildirildi ki, ölkəmizin İdarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək eyni zamanda Milli Ordumuzun yaranmasının 105-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə məlumat verdi.Bildirildi ki, “Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır.
Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".
Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Natiq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Ali Baş Komandan, Prezident İlham Əliyev də Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.Elə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması və erməni qəsbkarlarına verilən tutarlı cavab bir daha bizim ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Qeyd olundu ki, 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 300 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Tədbirdə Qubadlı RİHB aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı, qazi Sənan Həsənov məruzə ilə çıxış etdi.
Daha sonra çıxış edənlər- ehtiyatda olan polkovnik Vəli Hümbətəliyev, ehtiyatda olan polkovnik-leytenant Etiram Məmmədovbütün Vətən müharibəsi iştirakçıları və qazilər adından göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Tədbirdə qeyd olundu ki, Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Qubadlı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Ağayev İsaMəhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Sonda rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş Qubadlı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Eyvazlı Elnur Şəmil oğluna, Məlikəhmədli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İsmayılov Zərqəm Allahverənoğluna, Qaracallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin mühasibi İsgəndərov Elçin Əhəd oğluna Fəxri Fərmanlar təqdim edildi.