Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində 5 dekabr- Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirildi

05 dekabr 2019 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətində 5 dekabr- Beynəlxalq Könüllülər

Günü münasibəti ilə tədbir keçirildi

5 dekabr 2019-cu ildə Beynəlxalq Könüllülər Günü münasibəti ilə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Azərbaycanda könüllülük fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.
Daha sonra tədbiri giriş sözü ilə açıq elan edən RİH başçısı Malik İsaqov bildirdi ki, BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 dekabr - Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Qeyd olundu ki, Azərbaycanda könüllülük fəaliyyətinin geniş tarixi vardır. Belə ki, XIX əsrin ikinci yarısında Azərbaycanda kapitalist münasibətlərinin sürətli inkişafı ölkədə ictimai-iqtisadi münasibətlərlə  yanaşı,  əhalinin sosial‐mədəni həyatına da öz təsirini göstərdi. Həmin dövrdə  təkcə Bakıda könüllü fəaliyyət prinsipini əsas götürən 30-dan artıq xeyriyyəçi və maarifçi cəmiyyət mövcud idi. Bu cəmiyyətlərin nizamnamələrində  başlıca yeri valideyn himayəsindən məhrum uşaqlara, kimsəsizlərə, qocalara, uşaqların təhsil müavinətinə yardım göstərmək  və maarifçilik ideyalarını yaymaq yer tuturdu. H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi yerli sahibkarlar topladıqları kapitalın müəyyən hissəsini könüllü olaraq xeyriyyə  işlərinə,  əhalinin maariflənməsinə, məktəb, teatr, xəstəxana tikintisinə yönəldirdilər.
Natiq qeyd etdi ki, müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Qeyd olundu ki, XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.
Daha sonra çıxış edən könüllülərlə iş üzrə koordinator Yusifov Hüseyn qeyd etdi ki, cənab Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini təşkil etmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsini qoymuşdur. Tapşırığa əsasən gənclərin Qubadlı rayon İcra Hakimiyyətinə cəlb edilməsi işinə başlanılmışdır. Bu məqsədlə könüllülərlə iş üzrə koordinator təyin olunmuş, qurumda fəaliyyət göstərəcək könüllülərin sayı müəyyən edilmiş, tədbirlər planı hazırlanmış, könüllülərin fəaliyyət göstərəcəyi idarə və müəssisələr müəyyən edilmiş, rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə gənclərlə görüşlər keçirilmiş, İcra Hakimiyyətində  könüllü fəaliyyətinə başlanılması barədə qurumun veb-səhifəsində elan verilmişdir. Bu sahədə fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə mütəmadi olaraq əlaqələndirilmişdir.  25 iyun 2019-cu il tarixdə 4 nəfər, 01 oktyabr 2019-cu il tarixində daha 3 nəfər  gənc könüllülük fəaliyyətinə qoşulmuş, onlar üçün müvafiq təcrübə şəraiti yaradılmışdır.
Sonra Xıdırlı kənd tam orta məktəbinin direktoru İmanov Savalan qeyd etdi ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. Bildirildi ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət cəlb edir.
Daha sonra Qubadlı RİH-da könüllü kimi təcrübə keçmiş Cümşüdlü Elton və Şirinov Rəşid onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda RİH başçısı Malik İsaqov Qubadlı RİH-də könüllülük kursunu bitirən 3 nəfərə sertifikatlar təqdim etdi və Beynəlxalq Könüllülər Günü münasibəti ilə bütün könüllüləri təbrik etdi.

Keçidlər