Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Beynəlxalq Qadınlar bayramı münasibətilə keçirilən tədbir haqqında məlumat

09 mart 2012 | 16:00

Qubadlı rayonunda 8 Mart Beynəlxalq Qadınlar bayramının yüksək səviyyədə qeyd olunması artıq bir ənənəyə çevrilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən 7 mart 2012-ci il tarixdə Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət evində keçirilən bu ilki bayram tədbiri də öz möhtəşəmliyi ilə seçilirdi. Tədbir iştirakçıları sırasında rayonun ictimai-iqtisadi həyatının bütün sahələrində çalışan qadınların nümayəndələri, şəhid ailə üzvləri var idi.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov təbrik nitqi ilə çıxış edərək tədbir iştirakçısı olan qadınları, onların şəxsində rayonun və respublikamızın bütün xanımlarını təbrik etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına çox böyük qiymət verdiyini diqqətə çatdıran başçı dedi ki, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasətdə qadınlara diqqət və qayğı başlıca istiqamətlərdən birini təşkil edir. Qadınlarımız bu gün Azərbaycanın birinci xanımı, Millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsində milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısını, xalqımızın adət-ənənələrinin qoruyucusunu, xalqa və dövlətə xidmətin nümunəsini görür.
Başçı Qubadlı qadınlarının bütün dövrlərdə rayonun və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, dövlətə, dövlətçiliyə sadiq mövqedə dayandıqlarını razılıqla qeyd edərək bildirdi ki, bu gün qadınlarımız rayоnun ictimai-siyasi həyatında fəal iştirak edir. 2190 nəfərdən çоx qadın müxtəlif sahələrdə çalışır.
Оnların 1420 nəfəri təhsil sahəsində, 188 nəfəri səhiyyədə, 187 nəfəri mədəniyyətdə, 78 nəfəri dövlət qulluğunda, 317 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Təhsil kimi böyük sahəyə qadın rəhbərlik edir. Bundan əlavə, 10 tam orta məktəbin direktoru da qadındır. Minnətdarlıqla qeyd edildi ki, qadınlarımızın əməyi dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmişdir. Son illərdə pedoqoji sahədə çalışan üç nəfər qadın Respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Razılıqla bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 5 mart 2012-ci il tarixli sərəncamı ilə yüksək fəxri ada layiq görülən qadınlar sırasında Qubadlı rayonunun da nümayəndəsi var. Bu böyük bayram ərəfəsində rayonumuzun müəlliməsi Çimnaz Kərimovanın “Əməkdar müəllim” fəxri adına layiq görülməsi Möhtərəm Prezidentimizin bütövlükdə Qubadlı qadınlarının əməyinə verdiyi böyük qiymət, onlara əvəzsiz bayram hədiyyəsidir.
Tədbirdə məruzə ilə çıxış edən Rayon Qadınlar Şurasının sədri Afət Allahverdiyeva cəmiyyətimizdə qadına, anaya müqəddəs bir varlıq kimi baxılmasından, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə qadına gösrərilən xüsusi diqqətdən, bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənablarının siyasətində Azərbaycan qadınına verilən məxsusi önəmdən bəhs etdi. Qubadlı rayonunda da qadınlara qayğıkeş münasibətin rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun fəaliyyətində önəmli yer tutduğunu minnətdarlıqla vurğuladı.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə və rayonda qadınlara olan qayğıkeş münasibətdən razılıqlarını bildirdilər, Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən aparılan siyasəti müdafiə etdiklərini, ona inandıqlarını, növbəti bayramı öz doğma yurdlarında qeyd edəcəklərinə olan ümidlərini dilə gətirdilər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olundu. Tədbir iştirakçısı olan qadınlara rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.
Tədbir təntənəli bayram konserti ilə davam etdirildi.

Keçidlər