Şriftin ölçüsü :

Saytın rəngi :

"28 May Müstəqillik Günü"nə həsr olunmuş dəyirmi masa keçirilib

25 may 2026 | 10:37

  25 may 2026-cı il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dəyirmi masa keçirilib.

28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir “28 May - Müstəqillik Günü: Müstəqillikdən Qüdrətli Azərbaycana” mövzusuna həsr edilib.

YAP Qubadlı rayon təşkilatının Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ünvanında yerləşən ərazi partiya təşkilatlarının (Qubadlı şəhər 4 saylı, Dəmirçilər və Hal kənd tam orta məktəbləri, eləcə də Qubadlı rayon Mədəniyyət idarəsi) iştirakı ilə baş tutan tədbir rəsmi hissə ilə başlayıb.

  Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

  Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi keçdiyi şərəfli tarixdən bəhs edib. Dövlət müstəqilliyini qoruyub saxlamağın onu əldə etməkdən daha mürəkkəb bir proses olduğunu vurğulayan natiq, 1991-ci ildə suverenliyini bərpa edən müasir Azərbaycanın məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixin ağır sınaqlarından uğurla keçdiyini bildirib. T.Rüstəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın qlobal arenada sürətlə inkişaf edən və zəngin enerji resursları ilə mühüm rol oynayan qüdrətli bir dövlətə çevrildiyini diqqətə çatdırıb.

  Daha sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva ölkəmizin müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu Öndərin xilaskarlıq missiyası sayəsində dərin böhrandan xilas olduğunu və inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. O, müasir müstəqil Azərbaycanın AXC-nin hüquqi varisi olmasını və Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 28 May tarixinin rəsmən Müstəqillik Günü kimi qeyd edilməsinin tarixi əhəmiyyətini vurğulayıb:

"Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik prinsiplər bu gün onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük qürur hissi ilə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdılar."

  Dəyirmi masada həmçinin Qubadlı rayon Təhsil sektorunun müdiri Müşviq Hüseynov, Qubadlı şəhər 4 saylı tam orta məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Qənirə Həsənova, Dəmirçilər kənd tam orta məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Şahbaz Muradov, eləcə də Hal kənd tam orta məktəbinin tarix müəllimi Tahirə Şahmarova çıxış ediblər.

  Natiqlər 28 May - Müstəqillik Gününün hər bir azərbaycanlı üçün əsl qürur mənbəyi olduğunu bildiriblər. Tədbirdə dövlət başçısı İlham Əliyevin: “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik. Əminəm ki, müstəqillik yolunda inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” — fəlsəfi fikirlərinin bu gün real həyatda öz tam təsdiqini tapdığı xüsusi qeyd olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatıb.

Keçidlər