Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Dünya Müharibəsi veteranları ilə görüş

08 may 2020 | 16:00

İkinci Dünya Müharibəsi veteranları ilə görüş

       Qubadlı rayonunda Faşizm üzərində qələbənin 75-ci il dönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilaçılığı ilə 08 may  2020-ci il tarixdə Qubadlı rayonundan olan BVM veteranlarının evlərində görüşlər  keçirilmişdir. Görüşlərdə Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edirdilər.
İkinci Dünya Müharibəsi zamanı Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltikarespublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Qeyd olundu ki, Qubadlı Rayonu üzrə 3500  nəfər 1941-1945 ci illər Böyük Vətən Müharibəsində iştirak edib. Onlardan yalnız 1500 nəfər 1945-ci ildə  geri qayıtmışdır. Hal- hazırda 4 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var.
Dövlətimiz tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24.04.2020-ci il tarixdə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən Qubadlı rayonundan olan 4 nəfər Böyük Vətən müharibəsi iştirakçılarına 1500 manat, 41 nəfər dul qadına və rəşadətli əməyə görə 27 nəfərə 750 manat məbləğində birdəfəlik yardım verilmişdir.
Bundan başqa Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” münasibəti ilə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 01.05.2020-ci il tarixdə Sərəncam imzalamışdir. Sərəncama əsasən 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Görüşlərdə BVM veteranları müharibə illərindəki xatirələrini bölüşərək, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlardan söhbət etdilər. Dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya görə Ulu Öndər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  rayon  İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirdilər.
Sonda İkinci Dünya müharibəsi iştirakçılarına rayon İcra Hakimiyyəti tərəfindən 300 manat məbləğində pul mükafatı və hədiyyələr verildi.

Keçidlər