Könüllülərimiz Pandemiya dövründə öz fəaliyyətlərini davam etdirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Azərbaycanda fəaliyyət göstərən könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə 27 mart 2020-ci il tarixdə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib və bu mərkəz hazırda öz fəaliyyətini davam etdirməkdədir. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
Qubadlı rayon İcra hakimiyyəti də Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi işinə başlamışdır.
Bildiyimiz kimi bugün bütün dünyada həyəcana səbəb olan koronavirus (Covid-19) öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydaları və eyni zamanda “evdə qal” çağırışının təmin olunması məqsədilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada rayonumuz da yaxından iştirak edir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iş adamlarının köməkliyilə, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur.
Rayonumuzda fəaliyyət göstərən gənc könüllülər də dövlətimiz tərəfindən həyata keçirilən layihələrə, atılan addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfələrini verirlər.
Pandemiya dövründə Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının könüllüləri birgə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər. Həmçinin könüllüllər tərəfindən sakinlərlə maarifləndirici söhbət aparılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydaları, eləcə də şəxsi gigiyena və sosial təcridolma qaydaları bir daha xatırladılır, bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılır.