Görüş
31 mart 2012-ci il tarixdə Qubadlı rayon icra Hakimiyyətinin başçısı cənab Malik İsaqov Sumqayıt şəhəri 12-ci mikrorayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə növbəti görüş keçirdi. Qubadlı və digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı həmin ərazidə rayon rəhbərliyinin səyi və daxili imkanlar hesabına tamamilə yenidən qurularaq istifadəyə verilən mərasim evində reallaşan tədbirə Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri də qatılmışdı. Görüş əsasən burada məskunlaşan əhalinin problemlərinin öyrənilməsi, onların müraciət və təkliflərinin dinlənilməsi istiqamətində davam etdirildi.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin, hökümətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından razılıqlarını dilə gətirdilər. Bu kateqoriyadan olan insanların mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində həyata keçirilən tədbirlərdən minnətdarlıqla danışdılar.
Qubadlı rayon İcra Hakimiyyəti başçısının məcburi köçkünlərlə vaxtaşırı keçirilən belə görüşlərinin, onların qarşılaşdıqları problemlərin həllinə qayğıkeş münasibətin ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən aparılan siyasətin bariz təzahürü olduğunu razılıqla qeyd edən görüş iştirakçıları bu gün həmin siyasətin alternativi olmadığını xüsusi vurğuladılar.
Görüş iştirakçıları məişət xarakterli bir neçə məsələ qaldırdılar ki, həmin məsələlərin də həlli üçün yerindəcə tapşırıqlar verildi.
Səmimi və işgüzar şəraitdə keçən görüşü yekunlaşdıran Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən siyasətin bütün sahələrdə uğurlu nəticələrindən bəhs etdi. Bu görüşün Azərbaycanlıların soyqırımı gününə təsadüf etdiyini qeyd edən başçı diqqəti mənfur erməni siyasətinə yönəldərək bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində dövlət başçısının həyata keçirdiyi tədbirlərin ümumxalq dəstəyi qazandığını bildirdi. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşırılması, onların sosial müdafiəsinin gücləndirilməsi barədə qərarları diqqətə çatdıraraq bu sahədə planlaşdırılan işlərdən danışdı.