Şriftin ölçüsü :

Saytın rəngi :

AŞPA VƏ ATƏT-in Azərbaycana yönələn haqsız siyasəti

10 iyun 2020 | 16:00

2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı AŞPA və ATƏT-in Azərbaycana yönələn haqsız siyasətini qiymətləndirən Prezident İlham Əliyev qeyd etdi ki, AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür.
          Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirərək qeyd edib ki,Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.
Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!
AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin nitqində yer almışdır.
         Belə ki, AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır?
AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından maraqlı müqayisə apararaq qeyd etdi ki,əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.
Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirərək vurğulayıb ki,AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.
AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qərəzli mövqeyinə, faşistlərlə əməkdaşlıq etmiş Qareqin Njdenin İrəvanda heykəlinin qoyulmasına bu qurumun münasibət bildirilməməsi məsələsinə toxunan Prezident İlham Əliyev çıxışını davam etdirərək vurğulayıb ki,AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.
AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib ki,AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.

Keçidlər