“Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”
"Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır". Bu sözləri Prezident İlham Əliyev iyun ayının 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən qeyd edib.
Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Tarixə nəzər salsaq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusu yaradıldı.
Ordu quruculuğunda ən önəmli islahatlar Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra həyata keçirildi. Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı və ötən illər ərzində minlərlə hərbi kadrlar yetişdirildi. Daha sonra XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşdi, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olundu. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğunda yeni mərhələ başlandı. 1994-cü il mayın 12-də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Ulu Öndərin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla “26 iyun Silahlı Qüvvələr Günü” təsis edildi və hər il iyun ayının 26-sı Silahlı Qüvvələr Günü kimi qeyd edilir.
Prezident İlham Əliyeviniyun ayının 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında ordu quruculuğu ilə bağlı çıxışında qeyd etdiyi kimi bu gün ölkəmizdə hərbi xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda uzun illər qüsursuz xidmət edən zabitlərimiz dövlət tərəfindən mənzillərlə təmin olunurlar. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir.Bizim dövlətimiz hər şeyi öz hesabına əldə etmişdir.Əgər dövlətimiz güclü iqtisadiyyat qurmasaydı, nəhəng neft-qaz layihələri icra etməsəydi, ordumuzu müasirləşdirmək üçün vəsait olmazdı. Bu gün strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.
Prezident İlham Əliyev eyni zamanda qeyd etmişdir ki, “ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır.Əlbəttə ki, döyüş qabiliyyətini artırmaq istiqamətində də lazımlı addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın”. Ali Baş Komandan İlham Əliyevin Mingəçevir şəhərində “N” saylı hərbi hissənin aşılışındakı çıxışı bizdə ordumuza qarşı inamı daha da artırdı. Qarabağ müharibəsinin iştirakçısı kimi bildirmək istərdim ki, 1988-ci ildən 1993-cü ilə qədər Qubadlı rayonunda özünümüdafiə dəstəsinin yaranmasında iştirak etmişəm, hərbi hissələr yarandıqdan sonra “N” saylı hərbi hissənin tərkibində xidmət etmişəm. Həmin dövrdə hərbi hissəmizdə silah-sursat, ərzaq, maddi-texniki təminatın zəif olması baxımından xeyli çətinliklər vardı. Milli orduda zirehli hərbi texnikalar, o cümlədən artilleriya və ağır silahlar demək olar yox idi. Həmin illərdə hakimiyyətdə pərakəndəlik, özbaşınalıq hökm sürürdü və bu öz təsirini orduda da büruzə verirdi. Milli orduda ciddi kadr çatışmazlığı vardı. Belə bir çətin zamanda Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının köməyinə gəldi. Yalnız bundan sonra ordu quruculuğunda tərəqqi, inkişaf başladı, kadr çatışmazlıqları aradan qaldırıldı,yeni hərbi hissələr inşa edildi, ordunun hərbi-texniki bazası möhkəmləndirildi, şəxsi heyətin döyüş əhval-ruhiyyəsi artdı, gələcəyə inam, milli ruh formalaşdı.
Bu gün Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğuna böyük diqqət və qayğı göstərir. Azərbaycan ordusu artıq bu gün dünyanın ən güclü ordularından biri sayılır. İnanırıq ki,Azərbaycan dövləti,Azərbaycan xalqı,yenilməz ordumuzun gücü sayəsində işğalçı Ermənistanın zəbt etdiyi torpaqları mütləq azad edəcəkdir!
Təyyar Eminov-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Qubadlı rayon Şöbəsinin sədri