Şriftin ölçüsü :

Saytın rəngi :

Anım günü

29 mart 2012 | 15:00

Şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Son illər Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə yüzlərlə şəhid vermişdir. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Keçən il Sumqayıt şəhərində və Abşeron rayonu Masazır qəsəbəsində məskunlaşan iki şəhid ailəsi rayon İcra Hakimiyyətinin köməkliyi ilə mənzillə təmin olunmuşdur. RİH başçısı cənab Malik İsaqovun tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı olaraq öyrənilir, həllinə köməklik göstərilir. Əlamətdar bayram günlərində şəhid ailələrinə bayram sovqatları verilir.
Qubadlının başını uca edən şəhidlərdən biri də Maqsud İmran oğlu Şükürovdur. O, 1974-cü ildə Qubadlı rayonu Qayalı kəndində anadan olmuşdur. 1989-cu ildə doğma kənddəki səkkizillik məktəbi bitirdikdən sonra təhsilini rayonun Xanlıq kəndindəki texniki peşə məktəbində davam etdirmişdir. 1990-cı ildə həmin məktəbi qurtarmış və mexanizator peşəsini qazanmışdır. 1992-ci ilin may ayında milli ordu sıralarına çağrılmışdır. Kəlbəcər torpaqları uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1993cü il mart ayında həmin rayonun Bağlıpəyə yüksəkliyi uğrundakı şiddətli vuruşmada itgin düşmüşdür.
28 mart 2012-ci il tarixdə RİH tərəfindən şəhidin anım mərasimi keçirildi. Anım mərasimindən öncə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində şəhidin xatirə lövhəsinin açılışı oldu. Sonra tədbir Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbində davam etdirildi. Tədbirdə RİH nümayəndələri, hüquq mühafizə oraqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edirdi.
Tədbirdə iştirak edən şəhidin hərbçi yoldaşları onun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Onun yaxınları, uşaqlıq dostları xatirələrini dilə gətirdilər. Şəhidin atası İmran Şükürov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Anım mərasimində məktəb şagirdləri şəhidin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər.
 

Keçidlər