Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda 2012-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq haqqında məlumat

26 aprel 2012 | 15:00

25 aprel 2012-ci il tarixdə Qubadlı rayonunda 2012-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Qubadlı rayon icra hakimiyyətinin başçısı cənab M.X.İsaqov məruzə ilə çıxış edərək demişdir ki, yüksəliş yolu ilə inamla irəliləyən Azərbaycan indi nüfuzlu beynəlxalq tədbirlərin, iqtisadi forumların, mədəniyyət tədbirlərinin mərkəzinə çevrilməkdədir. Belə mötəbər tədbirlərdə iştirak edən tanınmış siyasətçilərin, ekspertlərin ölkəmizin inkişafına heyranlıqla verdikləri qiymət hər bir ölkə vətəndaşını qürurlandırır. Bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən strategiyanın Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən qətiyyət və ardıcıllıqla, yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.
Bildirilmişdir ki, ilin birinci rübü qış mövsümünə təsadüf edir. Bu ilki qış isə öz şaxta və çovğunu ilə bütün dünyanı sınağa çəkmişdir. Ərzaq və enerji təhlükəsizliyinin etibarlı təminatını yaradan ölkəmiz bu sınaqdan elə bir ciddi problem olmadan, itgisiz çıxa bilmişdir. Rayonda da qışa hazırlıq dövründə həyata keçirilən qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini göstərmişdir. Bundan əlavə, qış mövsümü ərzində rayon icra hakimiyyətində yaradılmış qərargah ayrı-ayrı yaşayış massivlərində, yataqxana, pansionat və digər yerlərdə məskunlaşmış insanların fasiləsiz elektrik enerjisi və digər kommunal xidmətlərlə təminatı üçün operativ tədbirlər görmüşdür.
Şaxtalı günlərdə çoxsaylı məcburi köçkün ailəsinin məskunlaşdığı Sumqyıt şəhəri Bərpa xəstəxanasının yanındakı binada küləyin dam örtüyünü atması nəticəsində yaranan ciddi çətinliklər qısa vaxtda aradan qaldırılmış, Sumqayıt şəhəri “İnşaatçılar” qəsəbəsi 1 saylı peşə liseyinin binasında məskunlaşan məcburi köçkünlərin istifadə etdiyi əsas içməli su xəttinin 90 metr hissəsi yenisi ilə əvəz edilmişdir.
Uzun müddət aparılan danışıqlardan sonra Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən “Şəfa” sanatoriyasının I və II mərtəbələri məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün alınmış və burada bütün ümumi istifadə sahələrinin yəni- dəhlizlərin, sanuzellərin, foyelərin əsaslı təmiri işlərinə başlanmışdır. Eyni zamanda həmin sanatoriyanın istifadəyə yararsız vəziyyətdə olan yeməkxanası tamamilə yenidən qurularaq mərasim evi kimi istifadəyə hazırlanır.
Hesabat dövründə Sumqayıt şəhəri 12 mikrorayon 7a və 8a binalarının həyətindəki mərasim evinin dam örtüyü əsaslı təmir edilmiş, burada yenidənqurma işləri aparılmaqla genişləndirilmiş və mərasim evi 100 nəfərlik mətbəx dəsti ilə təmin olunmuşdur.
Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında və binanın ətrafında ümumilikdə 684 kv. metr tamet tava döşənməklə abadlıq işləri başa çatdırılmışdır.
Məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə 11 su və kanalizasiya qəzaları operativ qaydada aradan qaldırılmışdır.

Mədəniyyət və Turizm şöbəsinin inzibati binasının fasadının aqlay daşla üzlənməsi və binaya giriş hissəsinin memarlıq elementləri ilə yenidən qurulması işlərinə başlanmışdır.
Sumqayıt şəhəri 4-cü məhəllə, 7 saylı uşaq baxçasında məskunlaşan 1 məcburi köçkün ailəsinə mənzilinin təmiri və Beton zavod yaşayış massivində məskunlaşan 1 məcburi köçkün ailəsinə isə yaşadığı mənzilin dam örtüyünün təmiri üçün tikinti materialları ilə köməklik edilmişdir.
Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhəri 8-ci mikrorayonda 32 məcburi köçkün ailəsinin məskunlaşdığı 17 saylı tam orta məktəbin binasının 680 kvadrat metr dam örtüyü əsaslı təmir edilmişdir.
Fovqəladə Hallar Nazirliyi tərəfindən isə rayon sakini, hazırda Hacıqabul rayonu, Nəvai qəsəbəsində məskunlaşan şəhid ailəsi Məmmədova Asya Əziz qızına ikiotaqlı ev tikilmişdir.
Bakı şəhərində metronun Q. Qarayev stansiyasının ərazisində məskunlaşan 5 köçkün ailəsinə Mehdabad qəsəbəsində yeni inşa olunmuş mənzillər verilmişdir.
Cari ilin birinci rübündə rayonda 66 yeni iş yeri açılmış, 64 ailəyə ünvanlı sosial yardım verilmişdir.
2012-ci ilin 3 ayında ictimai-siyasi məzmunlu tədbirlərin həyata keçirilməsi ilə bağlı rayonda ardıcıl iş aparılmışdır. İctimaiyyətlə aparılan işdə kütləvi tədbirlərə geniş yer verilmiş, Novruz bayramında az təminatlı və imkansız ailələrə ərzaq bağlamaları paylanmışdır.
İclasda çıxış edənlər görülən işlərdən bəhs edərək ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətin rayon əhalisi tərəfindən dəstəkləndiyini bildirdilər.
İclasın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul isçisi Rövşən Ağayev iştirak edərək çıxış etdi.
Sonra müzakirə edilən məsələ ilə bağlı qərar qəbul edildi.
 

Keçidlər