Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Şuşanın işğalının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilmişdir

05 may 2012 | 15:00

4 may 2012-ci il tarixdə Qubadlı rayonunda Şuşanın işğalının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki “28 May” Mədəniyyət evinin binasında təşkil olunan tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Şuşa rayonundan və ərazisi işğal olunmuş digər rayonlardan olan ictimaiyyət nümayəndələri də tədbirə qatılmışdılar.
Tədbirdən əvvəl iştirakçılar “28 May” Mədəniyyət evinin foyesində Şuşa şəhərindən bəhs edən stendlə və rayon məktəblilərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Sonra tədbir Mədəniyyət evinin tamaşa zalında davam etdirildi.
Şuşanın işğalı zamanı şəhid olanlarin xatrəsi bir dəqiqəlik sükutla yad edildi.
Şuşanın tarixi barədə dinlənilən məruzədə qeyd olundu ki, mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri Azərbaycan adlı salnamənin Şuşa səhifəsinə qızıl hərflərlə həkk edilib.
Bir yaşayış məntəqəsi – qala kimi yaradılan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, uzun müddət inzibati mərkəz olması, iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, füsunkar coğrafi mövqeyi ilə elm, poeziya, xususilə musiqi mədəniyyəti mərkəzinə çevrilmiş, Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühim rol oynamışdır.
Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərmişdir.
Sovetlər dönəmində də Şuşa şəhərinin inzibati statusu ciddi dəyişikliyə məruz qalmış, 1923-cü ildə qəbul edilmiş qərarla eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzi kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilməklə bu şəhər 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilmişdir.
Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün olmuşdur. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 1992-ci il mayın 8-i düz 20 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmşı, 58 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər.
Hazırda Şuşa rayonunun 30 mindən artıq əhalisi Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışdır. Şuşalılar bu gün də Respublikamızın çiçəklənməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində layiqli töhfələrlə çıxış edirlər.
Daha sonra Şuşa şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsi çıxış etdi.
Çıxışlarda qəti əminlik ifadə edildi ki, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan siyasət nəticəsində Şuşa və digər ərazilər işğaldan azad ediləcək. Başqa cür ola da bilməz. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.
Tədbirdə Şuşa haqqında film göstərildi. Rayonm Mədəniyyət evinin və uşaq musiqi məktəbləri şagirdlərinin ifasında Şuşaya həsr olunmuş şerlər səsləndi, bədii kompozisiya nümayiş etdirildi.
 

Keçidlər