Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir
30 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimində çıxış etmişdir.
Pakistan qardaş ölkədir.
Ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq.
Kəşmir problemində Pakistanın yanındayıq.
Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə iqtisadi məsələlər üzərində diqqət cəmləşdirməliyik. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur.
Pakistana minnətdarıq.
Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan olub.
Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir.
Azərbaycan əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edir. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan.
Türkiyə hər zaman bizimlədir.
Türkiyə Prezidenti, Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.