Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva uşaq bağçalarında yaradılan şəraitlə tanış olub.
1 oktyabr 2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyeva Abşeron rayonu, St.Sumqayıt ərazisində yerləşən Qubadlı şəhər-1 saylı Körpələr evi-uşaq bağçası və Sumqayıt şəhər, 12-ci mkr, məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə fəaliyyət göstərən Qubadlı şəhər-2 saylı Körpələr evi-uşaq bağçalarında yaradılan şəraitlə tanış olmuşdur. Xoşqədəm Alıyeva pandemiya dövründə bağçaların fəaliyyətində valideynlərlə qarşılıqlı işin günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini diqqətə çatdırmış və qeyd etmişdir ki, hər birimiz daha məsuliyyətli və diqqətli olmalı, gələcəyimiz olan körpələrin sağlam və vətənpərvər böyüməsi üçün əlimizdən gələni etməliyik.
Qeyd edək ki, yoluxma dinamikasında azalma müşahidə edildiyi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 15 sentyabr 2020-ci il tarixindən rayon və şəhərlərdə, 1 oktyabr 2020-ci il tarixindən isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dövlət və özəl bağçalarının fəaliyyətinə icazə verilib. Bununla bağlı Qubadlı rayon məktəbəqədər təhsil müəssisələrinin həyətində, oyun, yataq otaqlarında və mətbəxdə geniş təmizlik, dezinfeksiya işləri aparılmışdır. Bağçaların bütün işçi heyəti tibbi yoxlanışdan keçmişdir, heç birində problem aşkarlanmamışdır. Məktəbəqədər təhsil müəssisələrinə gələcək uşaqların ailələrində virusa yoluxma hallarının olub olmaması məsələləri aydınlaşdırılmışdır. Hər bir bağçanın girişində həm uşaqlar, həm də işçilərin hərarətinin ölçülməsi üçün təmassız termometrlərdən və dezinfeksiyaedici vasitələrdən istifadə olunur. Bütün işçi heyəti qoruyucu maskalardan istifadə edərək bağçaya daxil olurlar. Bağçalarda uşaqlardan hər hansı birində yoluxucu xəstəliklə bağlı fəsadlar ortaya çıxarsa, dərhal tədbir görüləcək, ilkin tibbi yardım göstəriləcək. Bunun üçün hər iki uşaq bağçasında xüsusi karantin otağı da ayrılmışdır. Hər gün bağçalarda təmizlik və dezinfeksiya işləri aparılacaq. Uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində fəaliyyət göstərəcək. Bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.