Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır

15 oktyabr 2020 | 16:00

12 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına  müsahibə vermişdir.
-  Atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Dünya bunu təkrar görür. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir.
         - Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Moskvada əldə edilmiş razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki, ilk növbədə, orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra, yəni, bu məsələnin siyasi həlli təmin edilə bilər.Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.
        - Danışıqların formatı dəyişilməz qalır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.
        - Qardaş Türkiyənin rolu əvəzolunmazdır. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir. Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksək səviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında olan bu münaqişə daha da geniş coğrafiyaya sıza bilərdi.
     - Status-kvonun dəyişilməsi artıq bir faktdır. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir.
- Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.
- Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır.
- Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
- Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.

Keçidlər