Minsk qrupunun tərkibi dəyişməlidir
13 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə vermişdir.
- Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur.
- Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın.
- De-yure ya da de-fakto Türkiyə masada olmalıdır. Qardaş Türkiyəni bu prosesdə görürük və alqışlayırıq. Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var.
- Paşinyan özünü itirib, panikaya düşüb. Paşinyan Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər.
- Ermənistanda əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Bölgəni işğalçılardan təmizləyəndən sonra Dağlıq Qarabağdakı düşərgələri də məhv edəcəyik. Başqa ölkənin vətəndaşı gəlib Azərbaycana qarşı müharibə aparır. Bunlar muzdlulardır.
- Türkiyə hərbi əməliyyatlarda iştirak etmir. Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi.
- Türkiyə qardaşımızdır.Türkiyə Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var.
- Son iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, Erməni ordusuna çox böyük zərər vuruldu, 33 tank qənimət götürüldü. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldı. TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir.
- Ermənistan sürətlə silahlanır.Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir.
- Ermənistandan hər şey gözləmək olar. Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar.
- Hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür.
- Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın.
- Soros Paşinyanı idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.
- Evləri dağılmış insanların problemləri həll ediləcək. Onlar heç narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir.
- Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir.Vətəndaş deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.
- İndiki mərhələdə yalnız irəli getməliyik. Ermənistana şans verdik. Atəşkəsə razı olmaya da bilərdik. Kim məcbur edə bilərdi?! Heç kim. Bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar.
- Sülh yolu ilə oraya qayıdacağıq. Bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı ver.
- 8 kəndimiz düşmən işğalından azad olundu! Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna!