Azərbaycan işğal edilmiş torpaqlarını düşməni sülhə məcbur etmək yolu ilə alacaq
Prezident İlham Əliyev 16 oktybar 2020-ci il tarixdə Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə vermişdir.
- Azərbaycan prinsiplərə sadiqdir
- Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi;
- Paşinyan hökuməti əldə edilən prinsipləri qəbul etmədi
Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi;
- İşğal altındakı torpaqlarımız geri qaytarılmalıdır
Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır;
- Köçkünlər Şuşaya qayıdacaq
Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmalıdır;
- BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir
Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir.