Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında

11 may 2012 | 15:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilmiş, rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələr, kitab bayramı təşkil edilmişdir.
10 may 2012-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhərindəki “28 May” mədəniyyət evində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdən əvvəl iştirakçılar “28 May” mədəniyyət evinin foyesində Ulu Öndərin doğum günü münasibətilə təşkil olunan Heydər Əliyevin kitablarından və Ümummilli Lider haqqında yazılan çap materiallarından, həmçinin, Qubadlı rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Daha sonra “28 May” mədəniyyət evinin tamaşa zalında tədbir davam etdirildi.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək Ümummilli Liderin həyat və faəliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən başçı bildirdi ki, hələ 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, milli kadr hazırlığına, müstəqil düşüncəyə yol açdı. Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bütün pillələr üzrə təhsil şəbəkələri genişləndirilmiş, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız ən müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Fikir, düşüncə sahiblərinin, yaradıcı insanların ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri Ulu Öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi.
Ulu öndər Heydər Əliyevin Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Ölkədə ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Dünya azərbaycanlılarının birliyi yaradıldı. Dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır.
Tədbirdə ulu öndərin böyük ömrünün anlarını özündə əks etdirən video film nümayiş etdirildi və ulu öndərə həsr olunmuş müxtəlif səpgili şeirlər söyləndi. Rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən, ayrı-ayrı sahələrdə uğurlu nəticələr qazanan bir qrup şəxsə, o cümlədən də, Ulu öndərin 89 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsi, musiqi və idman yarışmalarında yer tutmuş məktəblilərə fəxri fərmanlar təqdim edildi.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə yekunlaşdırıldı.
 

Keçidlər