Ermənistan hərbi cinayət törədir
16 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə vermişdir.
- Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz.
- Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi.
-Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi. Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər.
- Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır.
-Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu.Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi,iki S-300 sistemi məhv edilib.
- Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.
- Ermənistan muzdlu döyüşçülər gətirir. Hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.
-Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin.
- Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi. Kəlbəcərin qızıl yataqlarını onlar qanunsuz olaraq oranı istismar edirlər. Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq idi. Onlar buna da nail ola bilmədilər.
- Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır.Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı.