Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır
Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə vermişdir.
- Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir.
- Status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
-Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilər.
- Bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.
- Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.
- Buna görə də Azərbaycan Ermənistan hökumətinə sübut etməli idi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm.
-Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır.
-Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.
- Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi.
- Atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və Minsk qrupu tərəfindən rədd edilmişdir.
-Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir.
-Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə.Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır.
- Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır.
-Beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan razılıq verməlidir.Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.
- Bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir.