Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib
26 oktyabr 2020-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etmişdir.
Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz.
Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib.
Sitat: Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər.
Sitat: Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır.
28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız.
Sitat: Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər.
Sitat: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.
Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir.
Sitat: Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir.
Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.
Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb. Məqsəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub. Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər.
Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.