Milli Qurtuluş Günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında
Hər il olduğu kimi bu il də Milli Qurtuluş günü ilə əlqədar olaraq Qubadlı rayonunda yüksək səviyyədə silsilə tədbirlər keçirilir.
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 14 iyun 2012-ci il tarixdə rayon İcra Hakimiyyətinin binasında keçirildi. Tədbirdən əvvəl RİH başçısı cənab Malik İsaqov idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə RİH binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edildi, önünə gül dəstələri qoyuldu. Sonra tədbir iclas zalında davam etdirildi.
Tədbiri giriş nitqi ilə açan Qubadlı rayon İcra Hakimiyyəti başçısı cənab M. İsaqov Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi bu təhlükəni aradan qaldırdı.
Tədbirdəki məruzə və çıxışlarda 1991-1993-cü illər müstəqillik tariximizin itirilmiş illəri kimi xarakterizə olundu. Qeyd edildi ki, həmin illərdə iqtidarlar tərəfindən dövlətçilik üçün son dərəcə zəruri olan bir çox tədbirlərin həyata keçirilməməsi ağır nəticələrə səbəb oldu. Azərbaycan Vətəndaş müharibəsinin astanasına sürükləndi, qardaş qanı axıdıldı, ölkəmiz parçalanmaq məqamına yetişdi.
Lakin Azərbaycan xalqı bu çətin dönəmdə öz xilaskarına – Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi. Ulu öndər fenomenal idarəçilik bacarığı ilə Azərbaycanı fırtınalardan qurtardı. Müstəqilliyimizin əbədiliyini təmin etdi.
Çıxışlarda razılıqla bildirildi ki, bu gün ölkəmizdə əsası ulu öndərimiz tərəfindən qoyulan siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda bərqərar olmuş davamlı inkişaf Azərbaycanın müasir sıçrayışlı tərəqqisinin əsasını təşkil edən yeni fenomenin qətiyyətlə özünütəsdiqindən xəbər verir. Bu, İlham Əliyev fenomenidir.
Qubadlı RİH başçısı cənab M. İsaqov tədbiri yekunlaşdıraraq 15 iyun gününün xalqımızın tarixində möhtəşəm bir yer tutduğunu qeyd etdi. Bildirdi ki, 1993-cü ilin 15 iyunundan başlayan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə davam və inkişaf etdirilən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə özünün layiqli yerini tutmuşdur. 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan regionun çox vacib və mühüm ölkəsi kimi qəbul edilmişdir.
Başçı qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə sosial-iqtisadi sahədə ölkəmiz analoqu olmayan uğurlara imza atır. Bu uğurlar Qubadlı rayonunun həyatında da özünün bariz təsdiqini tapır. Rayonun əhalisi bu siyasəti tam mənada müdafiə edir. İnanırıq ki, məhz bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaqdır.