2012-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq haqqında məlumat
27 iyul 2012-ci il tarixdə Qubadlı rayonunda 2012-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Qubadlı rayon icra hakimiyyətinin başçısı cənab M.X.İsaqov iclası açıq elan etdikdən sonra, təqdim olunan məruzədə qeyd edildi ki, yüksəliş yolu ilə inamla irəliləyən Azərbaycan indi nüfuzlu beynəlxalq tədbirlərin, iqtisadi forumların, mədəniyyət tədbirlərinin mərkəzinə çevrilməkdədir. Belə mötəbər tədbirlərdə iştirak edən tanınmış siyasətçilərin, ekspertlərin ölkəmizin inkişafına heyranlıqla verdikləri qiymət hər bir ölkə vətəndaşını qürurlandırır. Bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən strategiyanın Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən qətiyyət və ardıcıllıqla, yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.
2012-ci ilin birinci yarısında rayonda da məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir. Əvvəlki illərdə olduğu kimi Rayon İcra Hakimiyyəti və yerli icra strukturları əhali ilə sıx təmasda işləmiş, onların sosial, kommunal, təhsil və digər problemlərinin öyrənilməsi, üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində iş aparmış, köçkünlərimizin yığcam məskunlaşdığı ərazilərdə yataqxana, pansionat, sanatoriya və digər binalarda kommunal şəraitin yaxşılaşdırılmışdır.
Görülən konkret işlərdən bəhs edən məruzəçi bildirmişdir ki, çoxsaylı məcburi köçkünlərin məskunlaşdığı “Şəfa” sanatoriyasında bütün mərtəbələr daxili imkanlar hesabına təmir edilmiş, əvvəllər istifadəsiz qalan I və II mərtəbələrin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi hesabına burada yaşayan 51 ailənin mənzil sahəsi genişləndirilmişdir. Dövlət Neft Şirkəti Rayon İcra Hakimiyyətinin müraciətini nəzərə alaraq binadakı yeməkxana və keçid hissəsini, foyeni əsaslı təmir etmişdir. Təmirdən sonra burada 500 yerlik mərasim zalı, kitabxana üçün istifadə olunacaq 2 otaq istifadəyə hazır vəziyyətə gətirilmişdir. Mərasim zalının bütün mətbəxt avadanlıqları ilə təminatını şirkət öz üzərinə götürmüşdür. Bundan əlavə həmin binada tibb məntəqəsinin açılması üçün otaq nəzərdə tutulmuşdur. Burada da təmir işləri davam etdirilir. Yaxın vaxtlarda “Şəfa” sanatoriyasında işlərin başa çatdırılması burada məskunlaşan ailələrin həyat şəraitinin yaxşılaşmasına köklü təsir göstərəcəkdir.
Ötən 6 ayda məskunlaşma yerlərində kommunal şərait mütəmadi öyrənilmiş, təmirinə daha çox ehtiyac duyulan obyektlər müəyyənləşdirilmiş, buradakı problemlərin aradan qaldırılması üçün tədbirlər görülmüşdür. 47-ci məhəllədə məskunlaşmış 1 məcburi köçkün ailəsinin mənzilinin 120 kvadrat metr dam örtüyü, Betonzavod yaşayış massivində və 40-cı məhəllədə məskunlaşmış 2 ailənin mənzilinin 42 kvadrat metr döşəməsi əsaslı təmir edilmişdir.
Hacıqabul rayonunun Nəvai qəsəbəsində 1 şəhid ailəsinə 2 otaqlı həyət evi tikilmiş, Sumqayıt şəhərindəki 8-ci mikrorayonda 32 məcburi köçkün ailəsinin məskunlaşdığı 17 saylı tam orta məktəb binasının 68 kvadrat metr dam örtüyü əsaslı təmir edilmişdir.
Betonzavod yaşayış massivində evi tamam yanaraq sıradan çıxmış 1 məcburi köçkün ailəsinin mənzilinin bərpasına, 4-cü məhəllədəki 7 saylı uşaq bağçasında və Betonzavod ərazisində məskunlaşan 2 məcburi köçkün ailəsinə mənzillərinin təmiri üçün tikinti materialları ilə kömək göstərilmişdir.
26-cı məhəllədə güclü külək nəticəsində dam örtüyü sıradan çıxan Bərpa xəstəxanasının yarımçıq binasının 562 kvadrat metr sahəsi operativ qaydada təmir edilərək 50 məcburi köçkün ailəsinin çətinliklərinə son qoyulmuşdur.
Hal kənd tam orta məktəbinin yerləşdiyi Peşə liseyinin emalatxana korpusunun dam örtüyünün əsaslı təmiri, Muradxanlı, Fərcan və Xanlıq məktəblərində müasir tipli istilik sistemlərinin quraşdırılması, Mədəniyyət və Turizm şöbəsinin inzibati binasının fasadının, giriş hissəsinin əsaslı təmiri və həyətinə daş tavalar döşənməsi, Rayon İcra Hakimiyyətinin yerləşdiyi binanın ətrafında aparılan abadlıq işləri bu qəbildən olan tədbirlərdəndir. Bundan əlavə 12-ci mikrorayonda məcburi köçkünlərin məskunlaşdığı 7 və 8a saylı binaların həyətində onların istifadə etdiyi mərasim evi də əsaslı təmir edilmiş, yeni mətbəx və sanuzel tikilmiş, bütün divarlar daxildən və xaricdən suvanmış, rənglənmiş, elektrik xətləri dəyişdirilmiş, binanın ətrafına 780 kvadrat metr asfalt döşənmişdir. Mərasim evi zəruri məişət avadanlıqları və 100 nəfərlik mətbəx dəsti ilə təmin olunmuşdur.
İnşaatçılar qəsəbəsində 1 saylı Peşə Liseyinin inzibati binasında məskunlaşan köçkünlərin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə sıradan çıxmış ana su xəttinin 90 metrlik hissəsi yeniləşdirilmişdir. Əlavə olaraq 19 su və kanalizasiya qəzası aradan qaldırılmışdır.
Cari ilin 6 ayında 124 yeni iş yeri açılmış, 338 ailəyə ünvanlı sosial yardım verilmişdir.
2012-ci ilin 6 ayında ictimai-siyasi məzmunlu tədbirlərin həyata keçirilməsi ilə bağlı rayonda ardıcıl iş aparılmışdır. İctimaiyyətlə aparılan işdə kütləvi tədbirlərə geniş yer verilmiş, az təminatlı və imkansız ailələrə ərzaq bağlamaları verilmişdir.
İclasda çıxış edən idarə, müəssə və təşkilat rəhbərləri görülən işlərdən bəhs edərək ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətin rayon əhalisi tərəfindən dəstəkləndiyini bildirdilər.
Sonra müzakirə edilən məsələ ilə bağlı qərar qəbul edildi.