Bu Qələbə tarixdə əbədi qalacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 06 yanvar 2021-ci il tarixdə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.Müşavirədədövlət başçısı çıxış etmişdir.
Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır.Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.
Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
Bu Qələbə tarixdə əbədi qalacaq.
Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Deyilmişdi ki:
• Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq;
• Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək;
• Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq;
• Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi.
Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu.
Azərbaycan ordusu, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb.
Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik.
Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli,əxlaqlı orduya malik olduğunu göstərdi. Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq.
Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir.
Sülhməramlı qüvvələrin rolu
Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.
Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir.Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.
Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz.
Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi.
Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın.
Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar.
Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.
Xocavənddə təxribat törətdiyi üçün ələ keçirilmiş erməni döyüşçülər hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır.
Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir.
Yeni siyasi mədəniyyət
2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır.Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəlib.İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır.
Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür. Keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Siyasi dialoqda iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir.Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Təəssüf ki, antimilli qüvvələr öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.Antimilli şuranın liderləri vaxtilə Paşinyanı demokrat, novator, təmiz adam kimi təqdim edirdilər.Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. İkinci Qarabağ müharibəsi vaxtı da həmin qrupa rəhbərlik edənlərdən biri Amerikada oturub, antimilli mövqedən çıxış edir, düşmən dəyirmanına su tökür. “Milli Şura”nın ABŞ-dakı liderini maliyyələşdirən və ona istiqamət verənlər antiazərbaycan ermənipərəst dairələrdir.
1990-cı illərin əvvəllərində yürüdülmüş yanlış siyasət və bu siyasətin fəsadları orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. AXC-Müsavat hakimiyyəti bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır.
Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Prezidentin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır.Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdır.
Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna nail olduq.
• Partiyalararası dialoqu möhkəmləndirmək;
• Ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək;
• Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqda partiyaların iştirakı;
• Bu məqsədlə partiyaların beynəlxalq partiyalararası qurumlara üzvlüyündən istifadə etmək;
• Partiyaların ictimai nəzarətdə iştirakı,çatışmazlıqlar haqqında məsələ qaldırmaq.
Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur.
Kadr islahatları
Cəmiyyətdə kadr islahatları müsbət qarşılanır.Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi.
Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.