Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Sumqayıt şəhərindəki “Şəfa” sanatoriyasında təmirdən sonrakı açılış və burada verilən iftar süfrəsi haqqında məlumat

16 avqust 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirllən siyasətdə qaçqın və məcburi köçkünlərə diqqət və qayğı prioritet istiqamət təşkil edir. Bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə hesablanan hərtərəfli proqramlar ölkə daxilində ümumxalq rəğbəti doğurur, beynəlxalq qurumlar tərəfindən təqdir edilir.
Qubadlı rayonunda da dövlətin bu diqqət və qayğısı özünü əyani şəkildə göstərir. Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində rayon İcra hakimiyyəti tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Sumqayıt şəhərində çoxsaylı məcburi köçkün ailəsinin məskunlaşdığı “Şəfa” sanatoriya kompleksində görülən işlər bunun bariz nümunəsidir.
15 avqust 2012-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dövlət Neft Şirkətinin dəstəyi və daxili imkanlar hesabına əsaslı təmir edilərək mərasim evi kimi istifadəyə verilən “Şəfa” sanatoriyasının yeməkxana binasının açılışı olmuşdur.
Rayon ictimaiyyətinin və ərazisi işğal edilmiş rayonların çoxsaylı nümayəndələrinin və qonaqların qatıldığı tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı E. Əzizov, Milli Məclisin deputatı İ. İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi R. Ağayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini G. Fərhadov, Dövlət Neft Şirkətinin məsul əməkdaşları iştirak edirdilər.
Burada görülən işlərlə tanış olan qonaqlara məlumat verildi ki, Qubadlı rayon rəhbərliyinin müraciətindən sonra Dövlət Neft Şirkətinin balansında olan binanın əvvəllər istifadəsiz qalan I və II mərtəbələri, yardımçı korpusu alınmış, daxili imkanlar hesabına təmir edilərək 54 ailənin mənzil şəraiti yaxşılaşdırılmışdır.
Bildirilmişdir ki, rayon İcra Hakimiyyətinin müraciətinə əsasən Dövlət Neft Şirkəti tərəfindən binadakı yeməkxana binası əsaslı təmir olunaraq 500 yerlik mərasim zalı kimi istifadəyə verilmiş, mətbəx avadanlıqları, oturacaq, yemək və çay dəstləri ilə təmin edilmişdir. Bundan əlavə burada keçid dəhlizlərində, foyedə əsaslı təmir işləri aparılmış, daha 2 otaq da əsaslı təmir edilərək kitabxana kimi istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Rayonun daxili imkanları hesabına ərazidə abadlıq işləri aparılmış, geniş istirahət guşəsi tikilmişdir. 300 nəfərlik daha bir zalda son tamamlama işləri gedir.
Sanatoriya binasında Qubadlı rayon Mərkəzi Poliklinikasının tibb məntəqəsi üçün otaqlar da hazırlanmışdır.
Rayon əhalisi bütün bunları Prezident İlham Əliyev cənablarının apardığı siyasətin məntiqi yekunu kimi minnətdarlıqla qarşılayır.
Sonra yeni istifadəyə verilən mərasim evində Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açılmışdır. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab M. İsaqov dövlətimizin qaçqın və məcburi köçkünlərə olan xüsusi diqqət və qayğısından bəhs edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev bu kateqoriyadan olan insanların problemlərini özünün bir nömrəli problemi adlandırırdı. Həmin siyasət bu gün də Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü tədbirin bu qayğının bariz nümunələrindən biri olduğunu vurğulayan başçı Dövlətqaçqınkomun, Sumqayıt şəhər rəhbərliyinin və Dövlət Neft Şirkətinin qaldırılan problemlərin həllinə yaxından kömək etdiklərini minnətdarlıqla qeyd etdi.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab E. Əzizov, Milli Məclisin deputatı İ. İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini G. Fərhadov çıxış edərək burada görülən işlərin əhəmiyyətindən, ümumilikdə dövlət başçısının qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs etdilər, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə olan qəti inamı dilə gətirdilər.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və digər qonaqlar Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısından minnətdarlıqla danışdılar. Mərasim evi kimi istifadəyə verilən bu möhtəşəm sarayın hazırlanmasında zəhməti olan hər kəsə razılıqlarını bildirdilər. Qubadlı rayon İcra Hakimiyyətinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə, müvəqqəti məskunlaşdıqları yerli icra hakimiyyəti strukturlarının qayğıkeş münasibətlərindən bəhs edərək, bütün bunları Prezident İlham Əliyev cənablarının diqqət və qayğısının təzahürü kimi dəyərləndirdilər.
Tədbiri yekunlaşdıran Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab M. X. İsaqov qeyd etdi ki, avqust ayı qubadlılar üçün təzadlı bir aydır. Qubadlı rayonu inzibati vahid kimi 1930-cu il avqust ayının 30-da yaradılmışdır. Qubadlı rayonun işğal tarixi də bu aya və bu günə təsadüf edir.
Qubadlılar 5 ilə yaxın Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını mərdliklə alsalar da 1993-cü ilin avqust ayının 30 və 31-də rayon işğala məruz qalmış, əhalisi məcburiyyət qarşısında rayonu tərk etmişdir.
Bugünkü tədbirdə şəhid ailələri üzvlərinin və müharibə əlillərinin də iştirak etdiyini bildirən başçı bildirdi ki, Qubadlı ilk şəhidini 1988-ci il noyabr ayının 24-də vermişdir. Həmin gün Bərxudar Əsgərov Ermənistanla sərhəddə-Çayzəmidə daşnak quldurları tərəfindən qətlə yetirilmişdir. Rayona Ermənistan tərəfindən açıq hücumların, əhaliyə qarşı həyata keçirilən terror və qətllərin, yaşayış məntəqələrimizin artileriya və vertalyotlarla atəşə tutulmasının tarixini bu vaxtdan hesablasaq 1993-cü il avqust ayının sonunadək 1741 gün ərzində Qubadlı əhalisi qanlı müharibə şəraitində yaşamış, bu müddətdə həm torpaqlarımıza soxulmağa cəhd edən Ermənistan silahlı dəstələrinin hücumlarını dəf etmiş, Ermənistan ərazisindən atılan artileriya mərmilərinin, qrad və top atəşlərinin dağıtdığı evləri bərpa etmiş, həm də gündəlik təsərrüfat fəaliyyətindən qalmamış, əkin biçinini, tikinti-abadlıq fəaliyyətini davam etdirmişdir.
Müqayisə üçün deyək ki, alman faşistlərinə qarşı aparılan müharibə müddəti 1414 gün davam etmişdir.
Ümumiyyətlə, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmışdır. 8 nəfər döyüşçümüz torpaqlarımızın qorunması uğrunda döyüşlərdə göstərdikləri rəşadət və igidliyə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
1992-ci və 1993-cü ilin təkcə avqust aylarında Qubadlı rayonunun 108 nəfər itgisi olmuşdur. Bunlardan 30 nəfəri döyüşlərdə şəhid olan hərbçilərimizdir. 1992-ci ilin avqust ayının 6-da Susuzdağ yüksəkliyində gedən döyüşlərdə 11 nəfər şəhid olmuşdur. Həmin şəhidlərdən 4 nəfəri Milli Qəhrəman adına layiq görülmüşdür. 11 nəfər şəhidin 8-i Qaracallı kənd inzibati ərazi dairəsindəndir.
Düşmənə qarşı mübarizədə Rayon Polis Şöbəsinin əməkdaşları da mərdliklə mübarizə aparmışlar. Polis əməkdaşlarından 12 nəfər şəhid olmuş, 7 nəfər yaralanmış, 3 nəfər əlil olmuşdur. Döyüşlərdə şəhid olmuş polis əməkdaşlarından 2-si Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Təkcə rayonun işğala məruz qaldığı 1993-cü ilin avqust ayında 94 nəfər həmyerlimiz şəhid olmuşdur. Bunlardan 19-u hərbçidir. Avqust ayında şəhid olanların 27 nəfəri qadın, 4 nəfəri uşaq, 18 nəfəri 70 yaşdan yuxarı ahıl vətəndaşlardır.
Başçı bir daha belə bir yekdil inamı ifadə etdi ki, Qubadlı rayonunun əhalisi hər zaman dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirmişlər, qubadlılar inanırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
 

Keçidlər