Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda 31 avqust 2012-ci ildə keçirilən tədbir haqqında Məlumat

01 sentyabr 2012 | 15:00

31 avqust 2012-ci ildə rayonun Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 19-cu ili tamam olur. Bu münasibətilə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri Sumqayıt şəhərində xeyli qubadlılının da uyuduğu “Şəhidlər Xiyabanı”nı ziyarət etdilər.
Tədbirdə Milli Məclisin deputatı İ. İsmayılov iştirak edirdi.
Əvvəlcə “Şəhidlər Xiyabanı” abidə kompleksinin önünə Qubadlı rayon İcra Hakimiyyəti adından əklil qoyuldu. 2000-ə qədər insanın iştirak etdiyi tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov rayon sakinlərinə səbr və dözüm dilədi.
Qeyd edildi ki, torpaqlarımızın erməni təcavüzündən müdafiəsi zamanı qubadlılar 5 il müddətində rəşadətlə döyüşərək 238 şəhid vermişdir. Onlardan Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
İşğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalmışdır.
Qubadlı tarixi-mədəni abidələrlə zəngin bir diyar idi. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Bildirdi ki, torpaq itkisi agır itkidir. Amma qubadlılar bu ağırlığa mətanətlə sinə gərirlər. Bu ondan qaynaqlanır ki, rayonun əhalisi Azərbaycan dövlətinin diqqət və qayğısını öz üzərlərində hər zaman hiss edirlər. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən aparılan siyasətdə şəhid ailələrinə, bütövlükdə qaçqın və məcburi köçkünlərə göstərilən qayğı indi yalnız ölkə miqyasında deyil, beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Qubadlılar da bu qayğını öz üzərlərində hiss edirlər. Rayonun əhalisi Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyevin siyasətinə sədaqəti ilə seçilir. Bu hər zaman belə olub və olacaq. Çünki əhali bu siyasətə inanır və torpaqlarımızın işğaldan azad olma yolunun bu siyasətdən keçdiyinə əmindir.
İctimaiyyət nümayəndələri adından çıxış edən hacı Hüseyn Həsənov qubadlıların ənənəvi olaraq hər il avqustun 31-də belə mütəşəkkil bir qaydada anım mərasiminə toplaşdıqlarını qeyd etdi. Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan minnətdarlıqla danışaraq Qubadlı rayonunda da bu kateqoriyadan olan insanlara qayğının ictimai rəğbət doğurduğunu bildirdi. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması yönündə atılan addımlardan minnətdarlıqla danışdı. Şəhid ailələrinə göstərilən hərtərəfli köməkdən, şəhidlərin anım mərasimlərinin keçirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
Çıxış edən bildirdi ki, Qubadlı əhalisi bu gün də Respublikamızın ictimai-siyasi, mədəni həyatında, təhsil, səhiyyə, idman sahələrində, tikinti-quruculuq işlərində layiqincə iştirak edir, dövlətə, dövlətçiliyə sədaqət nümunəsi göstərirlər.

Tədbir iştirakçıları Sumqayıt “Şəhidlər Xiyabanı”nda məzarları ziyarət etdilər, şəhid məzarları üzərinə gül dəstələri qoyuldu. Şəhidlərin ruhuna dualar oxundu.
 

Keçidlər