Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı günüdür

30 mart 2021 | 16:00

30 mart 2021-cu il tarixdə Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirildi.Videokonfransdarayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları və YAP Qubadlı rayon təşkilatının fəalları iştirak edirdilər.
Videokonfrans iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra onlayn tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev açıq elan etdi.Allahverdi Haxverdiyev 1918-ci il martda baş verən hadisələr haqqında geniş məlumat verərək bildirdi ki, həmin hadisələr əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci il mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.Allahverdi Haxverdiyev 1918-ci ilin mart ayında erməni daşnaklarının törətdikləri soyqırımına, erməni vəhşiliyinə dair məqamlara bir daha diqqət yönəldərək bildirdi ki, bəlkə də, bizim belə faciələrə dövrü olaraq məruz qalmağımızın başlıca səbəblərindən biri unutqanlığımız, bu istiqamətlərdə məlumatların zamanında öyrənilərək ictimaiyyətə çatdırılması sahəsində işlərimizdəki sistemsizlikdir. Amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır.
Daha sonra çıxış edən Qubadlı rayon Xanlıq kənd-3 saylı məktəbin direktoru Həsənov Xürrəm qeyd etdi ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətlərinə çatdırılması istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır.
Sonda Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İmanov qeyd etdi ki,  həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Qeyd olundu ki, biz mənfur qonşularımızın böhtan və şaiyələrinə, hər cür həmlələrinə hazır olmaq üçün məhz tariximizin qaranlıq sahələrini öyrənməli və öyrətməliyik.

Keçidlər