Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı haqqında

08 sentyabr 2012 | 15:00

7 Sentyabr 2012-ci il tarixdə Sumqayıt şəhəri “28 May” Mədəniyyət evində Qubadlı rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.
Konfransda Qubadlı RİH başçısı cənab Malik İsaqov, Təhsil Nazirliyinin məsul nümayəndəsi, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Konfrans iştirakçıları əvvəlcə Qubadlı rayonunda təhsil sahəsində əldə edilən nailiyyətləri əks etdirən stendlərlə tanış oldular.
Konfransda Rayon Təhsil şöbəsinin müdiri A. Allahverdiyeva məruzə ilə çıxış etdi. Məruzəçi öz çıxışında hər il olduğu kimi 2011-2012-ci tədris ilində də təhsil sahəsində yüksək nailiyyətlər qazanıldığını xüsusi qeyd edərək, bu uğurları dövlət başçısının təhsil sahəsinə göstərdiyi xüsusi qayğının nəticəsi kimi qiymətləndirdi. Rayon rəhbərliyinin təhsilə diqqətini minnətdarlıqla qeyd etdi.
Məruzədə qeyd edildi ki, rayonun 32 ümumtəhsil məktəbi vardır. Bunlardan 31 tam orta, 1-i isə ümumi orta məktəbdir. Bu gün Qubadlı rayon məktəblərimda təlimin yüksək səviyyəsinə nail olmaq üçün normal şərait vardır. Yaradılmış güclü maddi-texniki bazanın, informasiya kommunikasiya texnologiyalarından və müasir təlim metodlarından səmərəli istifadə edilməsinin nəticəsi özünü təhsildəki nailiyyətlərində göstərir.
Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı rayonunda bu il 122 nəfər ali məktəblərə qəbul olmuşdur. Bu isə imtahanlarda iştirak edənlərin 46 faizi qədərdir.
Razılıqla vurğulandı ki, bu il tələbə adını qazananların 12 nəfəri 500-dən yuxarı bal toplamışdır. Onların 4 nəfəri isə 600-dən yuxarı bal yığmışdır.
Bunlardan əlavə rayon məktəblərini keçən il bitirmiş daha 33 nəfər də bu il tələbə adını qazanmışdır.
Məruzəçi sonda bütün məktəblərin yeni tədris ilinə tam hazır oluğunu konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Konfransda digər çıxış edənlər ötən dərs ilinin Qubadlı rayonu üçün uğurlu nəticələndiyini qürurla səsləndirdilər, bunun ölkəmizdə aparılan siyasətin məntiqi nəticəsi olduğunu minnətdarlıqla qeyd etdilər. Rayon rəhbərliyinin bütün digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində həyata keçirdiyi tədbirlərin də ictimai rəğbət doğurduğunu bildirdilər.
Təhsil Nazirliyinin nümayəndəsi çıxışında ölkə miqyasında təhsil uğurlarından bəhs edərək burada Qubadlı təhsil işçilərinin də layiqli payı olduğunu dilə gətirdi. Qarşıda duran mühüm vəzifələrdən danışdı.
Konfransda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov geniş nitq söylədi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu qeyd edən başçı ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə bu siyasətin yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Bu siyasətin uğurlu nəticələrinin Qubadlı rayonunun həyatında da parlaq əks olunduğunu vurğulayan başçı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini dedi. Qubadlı rayonunda Təhsil sahəsində əldə oluna uğurlardan bəhs edən başçı qeyd etdi ki, şübhəsiz ki, uğurlarımız var və bizi sevindirir. Amma bunlarla kifayətlənmək olmaz.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı təhsildə qarşıda duran vəzifələrin yerinə yetirilməsinə dair tövsiyyələrini verdi.
Sonda yüksək balla ali məktəblərə daxil olan məzunlar Rayon İcra Hakimiyyəti tərəfindən noutbuklar və digər qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Konfransda müzakirə edilən məsələlərlə bağlı qətnamə qəbul edildi.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.
 

Keçidlər