Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qasımov Faiq Qaçay oğlunun doğum günü

10 fevral 2021 | 16:00

Bu gün, Vətən Müharibəsi Qəhrəmanı-Şəhid Qasımov Faiq Qaçay oğlunun doğum günüdür. Yaşasaydı 47 yaşı tamam olacaqdı. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirildi, daha sonra Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
Əvvəlcə Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, vaxtilə işğal altında olan torpaqlarımızın azad olunmasına biz həmişə ürəkdən inanırdıq. Cəmi 44 gün ərzində Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbr, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Bütün xalqımız əmindir ki, Azərbaycanın müstəqilliyini qoruyan, möhkəmləndirən, əbədi edən müzəffər sərkərdəmiz, Prezidentimiz nəyi, nə zaman və necə edəcəyini gözəl bilir.
Daha sonra Şəhidin qardaşı Qasımov Gəray Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.
Qasımov Faiq Qaçay oğlu 10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1991-ci ildə qardaşı Şəhid Həsən Qorxmazın adını daşıyan Qayalı kənd tam orta məktəbini bitirmişdir.
Hərbi xidmətini 1-ci Qarabağ müharibəsində Laçın rayonu və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirib.
Hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanda cəbhə bölgəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən 2012-ci ilədək Balakən rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Sonradan öz təkidi ilə Füzuli istiqamətinə göndərilmişdir.
2016-cı ilin aprel ayında “Lələtəpə”uğrunda gedən döyüşlərdə fəal iştirak edən Qasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90,95 və 100 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. Faiq Qaçay oğlu Qasımov 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində şəhid olan ilk rütbəli hərbiçidir. Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o, “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin!

Keçidlər