26 iyun Silahlı Qüvvələr Günü
26 iyun Silahlı Qüvvələr Günü
26 iyun 2021-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları və hərbi qulluqçuları iştirak edirdilər.
Əvvəlcə Şəhidlər Xiyabanında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və məzarları üzərinə gül dəstələri qoyuldu. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək Milli Ordumuzun yaranmasının 103-cü ildönümü münasibətilə iştirakçıları təbrik etdi və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə məlumat verdi. Bildirildi ki, “Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcədə SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü.Natiq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Ali Baş Komandanımız cənab İlham Əliyev Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək, ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Elə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması və erməni qəsbkarlarına verilən tutarlı cavab bir daha bizim ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsində Qubadlı rayonundan olan hərbi qulluqçular və könüllülər də böyük qəhrəmanlıq və şücaət göstərdilər. Vətən müharibəsində Qubadlı rayonundan 10 nəfər qəhrəmancasına şəhid oldu, 50-dən çox müharibə iştirakçısı yaralandı. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidov döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsində rayonumuzdan 3 nəfər Polkovnik-leytenant Faiq Qasımov, mayor Vüqar Ağayev (ölümlərindən sonra) və əsgər Vüsal Yaqubov “Vətən Müharibəsi Qəhrəmanı adına” layıq görülmüşlər. Silahlı Qüvvələrin general-mayoru, 2-ci Ordu korpusu komandiri Mais Bərxudarov yüksək döyüş hazırlığı və cəsarət nümayiş etdirdi. Müharibə iştirakçılarının qəhrəmanlığı və şücaəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Prezidentin Sərəncamı ilə Qubadlı rayonundan olan 100-dən çox Vətən müharibəsi iştirakçısı medallarla, o cümlədən “Vətən müharibəsi Qəhrəmanı” adı, “Qarabağ” ordeni, “Zəfər” ordeni, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Tədbir zamanı 10 nəfər şəhidin ölümündən sonra təltif olunduğu medallar ailə üzvlərinə təqdim olundu. Həmçinin 2 nəfər Vətən müharibəsi iştirakçısına da medal təqdim olundu.Medalların verilməsi bundan sonra da davam edəcəkdir. Şəhidlərin ailə üzvləri medalların verilməsinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. Daha sonra tədbir iştirakçıları Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına ziyarət etdilər.