Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhərrəmov Ülvi Tahir oğlunun doğum günü

05 iyul 2021 | 16:00

Bu gün şəhid Məhərrəmov Ülvi Tahir oğlunun doğum günüdür. Yaşasaydı 24 yaşı tamam olacaqdı. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirildi, daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
Əvvəlcə Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, cəmi 44 gün ərzində Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbir, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Bütün xalqımız əmindir ki, Azərbaycanın müstəqilliyini qoruyan, möhkəmləndirən, əbədi edən müzəffər sərkərdəmiz, Prezidentimiz nəyi, nə zaman və necə edəcəyini gözəl bilir. 
Şəhidlərimiz heç vaxt unudulmur, biz hər birimiz onlara  borcluyuq. Tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacağıq.
Daha sonra Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdilər.
Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş, 2015-ci ildə bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenat hərbi rütbəsi alaraqMüdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur, 
2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.  
Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!

Keçidlər