Şəhid ailələrinə orden və medallar təqdim olundu
05.07.2021-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələrinə orden və medallar təqdim olundu. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordunun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi.. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.. Məhz Azərbaycan oğullarının igidliyi sayəsində bu gün ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur. Şəhidlərimiz unudulmur, bəşəriyyət var olduqca onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Tədbir zamanı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Qasımov Faiq Qaçay oğlunun təltif olunduğu (ölümündən sonra)“Vətən Müharibəsi Qəhrəmanı” ordeni şəhidin oğlu Qasımov Zamin Faiq oğluna təqdim olundu. Həmçinin şəhid Ağayev Vüqar Əhməd oğlunun təltif olunduğu (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” ordeni şəhidin oğlu Ağayev Pərvin Vüqar oğluna təqdim edildi. Eyni zamanda şəhid Məhərrəmov Ülvi Tahir oğlunun təltif olunduğu(ölümündən sonra) “Vətən uğrunda” medalı şəhidin atası Məhərrəmov Tahir Camal oğluna və şəhid Mustafayev Rüfət Zöhrab oğlunun təltif olunduğu(ölümündən sonra) “Vətən uğrunda” medalı şəhidin atası Mustafayev Zöhrab Şamxal oğluna təqdim edildi.
Daha sonra Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.