Milli Qəhrəmanlar və şəhidlərin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Respublika turniri keçirilmişdir
Milli Qəhrəman və şəhid ailələrinə Azərbaycan dövləti tərəfindən göstərilən böyük diqqət və qaygı, səhid adının uca tutulması, onların xatirələrinin yad edilməsi Qubadlı rayonunda da özünün bariz nümunəsini tapmışdır. Milli Qəhrəman və şəhidlərin anım günləri ilə bağlı müxtəlif səpkili tədbirlər rayonda ənənəyə çevrilmişdir.
29 sentyabr 2012-ci il tarixdə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin idman zalında keçirilən növbəti tədbir də bu qəbildəndir.
Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin razılığı əsasında Qubadlı rayon Gənclər və İdman idarəsinin təşkilatçılıqı ilə yeniyetmələr arasında keçirilən Yunan-roma güləşi üzrə Respublika turniri Qubadlı rayonundan olan Milli Qəhrəman və şəhidlərin xatirəsinə həsr olunmuşdur.
Turnirdə Bakı, Sumqayıt, Abşeron, Qubadlı, Yevlax, Daşkəsən, Lənkəran, Cəlilabad, Kürdəmir, Şirvan, Quba, Qusar, Zəngilan, Göyçay, Xaçmaz və Laçın rayonlarının, “Zenit” idman cəmiyyətinin, MOİK-in komandaları (ümumilikdə, 14 çəki dərəcəsi üzrə 270 nəfər idmançı) iştirak etmişdir.
Turnirin açılış mərasimində Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Rasim Xalıqverdiyev və rayonun Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov çıxış etdilər. Azərbaycanda idmana xüsusi dövlət qayğısından bəhs edən çıxış edənlər bildirdilər ki, Qubadlı rayonunda da idmanın inkişafı və kütləviliyinə nail olunması rayon İcra Hakimiyyətinin diqqət yetirdiyi məsələlərdəndir.
Qeyd olundu ki, Qubadlı rayonunda şəhidlərin xatirəsini anmaq, onlara ehtiramı ifadə etmək üçün mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Rayonda bu istiqamətdə aparılan iş ictimai razılıqla qarşılanır. Şəhidlərin və Milli Qəhrəmanların xatirəsinə həsr edilmiş bu formatda tədbir isə burada iştirakçıların Respublikanın müxtəlif bölgələrini təmsil etməsi ilə xarakterikdir.
Məlumat verildi ki, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Qubadlı rayonu 238 şəhid vermişdir. Şəhidlərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 10 –dan artıq şəhid isə müxtəlif orden və medallarla təltif edilmişdir. Nümayiş etdirilən videorolikdə iştirakçılar əslən Qubadlıdan olan Azərbaycanın Milli Qəhrəmanları-Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Aqil Məmmədov, Kazımağa Kərimov, Bəylər Ağayev haqqında bilgi əldə etdilər.
Sonda idmançılar öz qüvvələrini sınadılar. Gərgin mübarizədə Qubadlı rayonunun komandası (5 nəfər I-ci, 4 nəfər 2-ci, 8 nəfər 3-cü yer olmaqla) turnirin qalibi oldu. Sonrakı yerləri isə Göyçay rayonu və Sumqayıt şəhərinin komandaları tutdular.
Yarışın sonunda I, II və III yerləri tutmuş idmançılara Fəxri Fərmanlar və medallar təqdim olundu.