Şəhid Allahverdiyev Vüsal Tahir oğlunun doğum günü
Bu gün şəhid Allahverdiyev Vüsal Tahir oğlunun doğum günüdür. Yaşasaydı 33 yaşı tamam olacaqdı. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirildi, daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirdilər.
Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximixin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi.
Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub.
2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbini bitirərək Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakültəsinə daxil olmuş və həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
2012-2015-ci illərdə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda “Birkart Bank olmayan Kredit Təşkilatı” MMC- nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır.
14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır.
01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.
4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, Vüsal bildirib ki, “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq”.
Həmin döyüşdən sağ-salamat çıxaraq komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olur.
Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşmüşdür.
Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!".
Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olmuşdur. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları təltif edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!