Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məhərrəmov Ülvi Tahir oğlunun Anım Günü

21 oktyabr 2021 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci il 21 oktyabr tarixində  Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Məhərrəmov Ülvi Tahir oğlunun Anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, cümə məscidinin axundu hacı Rauf, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Rayonun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi məktəbə qəbul olmuş, 2015-ci ildə hərbi məktəbi bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur.2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.  
  Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Məhərrəmov Ülvi Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.Subay idi.
Tədbirdə qeyd edildi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Digər çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 
Şəhidimizin atası Tahir Məhərrəmov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində ehsan süfrəsi verildi.

Allah rəhmət eləsin!

Keçidlər