Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Müəllim Günü münasibətilə keçirilən tədbir haqqında

06 oktyabr 2012 | 15:00

5 oktyabr 2012-ci il tarixdə Qubadlı rayonunda Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirildi.
Təhsil işçilərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Rasim Xalıqverdiyev təhsil işçilərini rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun adından təbrik edərək Azərbaycan dövlətinin təhsilə, təhsil işçilərinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan islahatların nəticəsində ölkəmizdə təhsil sahəsi sürətlə inkişaf etmiş, milli təhsilimizin dünyaya inteqrasiyası sürətlənmişdir. Bu gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir. Son illər ərzində 2200-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir. Məktəb tikintisi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur.
Başçının müavini Qubadlı rayon rəhbərliyi tərəfindən təhsilə göstərilən və ictimaiyyətin razılığı ilə qarşılanan qayğıdan danışarkən sоn illər ərzində rayon icra hakimiyyəti baçşısının rəhbərliyi və təşəbbüsü ilə məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verdi. Bu gün Qubadlıda fəaliyyəti bərpa edilmiş 32 məktəbdən 10-u yeni tikilmiş, 20-yə qədəri isə yenidən qurulmuş, əsaslı təmir edilmiş binalarda fəaliyyət göstərir. 27 məktəbdə istilik sistemi quraşdırılmışdır.
Tədbirdə Rayon Təhsil şöbəsinin müdiri A. Allahverdiyeva çıxış edərək bildirdi ki, rayonun müəllimləri onlara göstərilən diqqət və qayğı üçün dövlət başçısına minnətdardırlar. Şöbə müdiri Qubadlı rayon icra Hakimiyyəti başçısının təhsilin inkişafına göstərdiyi diqqətin təhsil işçiləri tərəfindən razılıqla qarşılandığını qeyd etdi. Vurğuladı ki, bu gün Qubadlı rayon məktəblərimdə yaradılmış güclü maddi-texniki baza, informasiya kommunikasiya texnologiyalarından və müasir təlim metodlarından səmərəli istifadə edilməsi özünü təhsildəki uğurlarda göstərir. Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı rayonunda bu il 122 nəfər ali məktəblərə qəbul olmuşdur. Bu isə imtahanlarda iştirak edənlərin 46 faizi qədərdir.
Razılıqla vurğulandı ki, bu il tələbə adını qazananların 12 nəfəri 500-dən, 4 nəfəri isə 600-dən yuxarı bal yığmışdır.
Bunlardan əlavə rayon məktəblərini keçən il bitirmiş daha 33 nəfər də bu il tələbə adını qazanmışdır.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan Prezidentinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də apardığı siyasətin alternativi olmadığını dilə gətirdilər. Qubadlı rayonunda bu istiqamətdə görülən işlərdən razılıqlarını bildirdilər.
Çıxışlarda razılıqla bildirildi ki, rayon müəllimlərinin əməyinin qiymətləndirilməsi istiqamətində görülən işlər də ürəkaçandır. Qeyd edildi ki, son illər ərzində Qubadlıda 7 nəfər ”Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 6 nəfər müəllim isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu ilki Müəllim Günü ərəfəsində rayonuun daha bir müəlliminin-Əhmədov Kamil Həsənxan oğlunun “Tərəqqi” medalı ilə təltif edilməsi dövlətimizin başçısının bütünlüklə Qubadlı rayon təhsil işçilərinin əməyinə verdiyi qiymət kimi dəyərləndirilir və sonsuz minnətdarlıqla qarşılanır.
Sonda bir qrup müəllimə Qubadlı rayon İcra Hakimiyyəti Başçısının və rayon Təhsil şöbəsinin Fəxri Fərmanları təqdim edildi.
 

Keçidlər