Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Allahverdiyev Vüsal Tahir oğlunun Anım günü

30 oktyabr 2021 | 16:00

  Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci il 30 oktyabr tarixində  Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək şəhid olmuş Allahverdiyev Vüsal Tahir oğlunun Anım günü tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Millət vəkili İmamverdi İsmayılov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin yaxınları, cümə məscidinin axundu hacı Rauf, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri qoydular. Şəhidimizin ruhuna dualar oxundu. Eyni zamanda vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.

Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub.  2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbini bitirərək  Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakültəsinə daxil olmuş və həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2012-2015-ci illərdə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda “Birkart Bank olmayan Kredit Təşkilatı” MMC- nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır.14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır. 01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməsini desə də, Vüsal bildirib ki, “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq”. Həmin döyüşdən sağ-salamat çıxaraq komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olmuşdur.
Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşmüşdür.Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!".
Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olmuşdur. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev  Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları təltif edilmişdir. Subay idi.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədaləti bərpa olundu.
Azərbaycan xalqı öz Liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu, ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki Xalq-İqtidar birliyi sözün əsl mənasında "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı.
Digər çıxışlarda vurğulandı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. 
Şəhidimizin atası Tahir Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt şəhərində yerləşən “Qayalı” mərasim evində ehsan verildi.

Allah rəhməteləsin!

Keçidlər