Milli Qəhrəman Şükür Həmidovun abidəsinin açılışı oldu
6 noyabr 2021-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləSumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun yaşadığı binanın girişində onun xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi oldu.Açılış mərasimində RİH-in başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və onun döyüş yoldaşları iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, abidənin üzərinə İcra Hakimiyyəti adından əkil və gül dəstələri qoyuldu. Daha sonra vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vurğuladı ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Şükür Həmidov 2016-cı ilinAprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı böyük qəhrəmanlıq göstərmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə xüsusi şücaət göstərmiş, oktyabrın 22-də isə doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbirdə digər çıxış edənlərvurğuladı ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidin döyüş yoldaşları öz xatirələrini bölüşdülər.
Tədbirdə çıxış edən şəhidin atası Nəriman Həmidov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.