Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət müstəqiliyinin bərpasının 21 illiyi münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında

18 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Dövlət müstəqiliyi günü münasibətilə 17 oktyabr 2012-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyəti və YAP-nın Qubadlı rayon təşkilatı tərəfindən birgə tədbir keçirilmişdir.
YAP Qubadlı rayon təşkilatının qərargahında keçirilən tədbirdə Qubadlı rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri A. Haxverdiyev 21 il ərzində dövlətimizin keçdiyi möhtəşəm inkişaf yolu, əldə edilən nailiyyətlərdən bəhs etdi. Vurğulandı ki, dövlət müstəqilliyinin bərpası və qazanılmış uğurlar ilk növbədə dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən iyirmi bir il ərzində qazanılmış nailiyyətlər bu gün bütün dünyanın diqqətini çəkir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında son illər böyük iqtisadi inkişafa nail olunmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində Azərbaycan Respublikası aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə yeni müstəviyə qədəm qoymuş, ikitərəfli əlaqələr daha da möhkəmlənmişdir.
Tədbirdə çıxış edən digər natiqlər qeyd etdilər ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı müstəqillik yolunda uzun müddət mübarizə aparmış, yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu dövrdə tarixi arzusuna qovuşaraq dövlətçilik ənənələrini daha da möhkəmləndirmişdir. Tariximizin bu dövrünün səhifələrini vərəqləsək aydın görərik ki, müasir Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və dönməzliyi ulu öndər Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı siyasət bir daha dünyaya sübut edir ki, Azərbaycan tam müstəqil siyasət yeridir. Dövlətimizin siyasəti Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu siyasət ümumxalq dəstəyinə söykənir.
Bildirildi ki, Qubadlı rayonunun əhalisi dövlətçiliyimizin möhkəmləndirilməsi, respublikamızda gedən quruculuq və abadlıq işlərində fəal iştirak edir, ölkə həyatının ən müxtəlif sahələrində uğurla çalışırlar. Qubadlı rayon gəncləri təhsildə və respublika idman hərəkatında fəal iştirak edirlər. Qubadlı rayon əhalisi Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətə hər zaman sadiqdir. İnanırlar ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin edən bu siyasət sayəsində bütün problemlərimiz aradan qaldırılacaqdır. İşğal altında qalan ərazilərdə Azərbaycan Bayrağı dalğalanacaqdır.
Tədbirdə bir qrup partiya üzvləri YAP Qubadlı rayon təşkilatının “Fəxri fərmanı” ilə təltif olundular. Partiyaya yeni qəbul olunmuş şəxslərə üzvülük vəsiqəsi verildi.
 

Keçidlər