Şriftin ölçüsü :

Saytın rəngi :

9 ayının sosial iqtisadi inkişafının yekunları

17 oktyabr 2012 | 15:00

16 oktyabr 2012-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətində 2012-ci ilin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclas keçirilmişdir.
İclasda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 oktyabr 2012-ci il tarixdə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının nitqində irəli sürülən müddəa və göstərişlərlə əlaqədar rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının vəzifələri haqqında” məruzə etmişdir.
M. İsaqov qeyd etmişdir ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik srategiyasından qaynaqlanan, son 9 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıq və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasət ölkəmizi sabit və sürətli inkişaf yoluna çıxarmışdır. 2012-ci ilin oktyabr ayının 10-da ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev cənablarının giriş və yekun nitqində ölkənin sosial-iqtisadi inkişafı sahəsində ötən 9 ay ərzində əldə etdiyi nəticələr statistik rəqəmlərin dili ilə dərindən təhlil edilmiş, qazanılan uğurlar diqqətə çatdırılmış, inkişaf meyilləri və qarşıda duran vəzifələr göstərilmişdir.
Məruzəçi bildirmişdir ki, dünyada qlobal iqtisadi və maliyyə böhranının tüğyan etdiyi, istehsal sahəsində tənəzzülün hökm sürdüyü, iş yerlərinin ixtisar edildiyi, maaş və sosial təminatların aşağı salındığı bir dövrdə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişaf sahəsində əldə etdiyi müsbət göstəricilər, Davos İqtisadi Forumunun ölkələrin rəqabət qabliyyətliliyi ilə bağlı dərc etdirdiyi cədvəldə Azərbaycanın ötən bir il ərzində 9 pillə yuxarı qalxaraq 46-cı sırada olması, makroiqtisadi sabitliyə görə dünya ölkələri arasında 18-ci yeri tutması, 3 böyük reytinq agentliyi tərəfindən Azərbaycanın kredit reytinqlərinin artırılması ölkənin iqtisadi uğurlarının və beynəlxalq nüfuzunun artmasının göstəricisidir və sevindiricidir. Azərbaycanın artan beynəlxalq nüfuzu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin prinsipial mövqeyinin dünya dövlətləri tərəfindən müdafiə edilməsinə əsaslı zəmin yaradır.
Başçı cari ilin 9 ayında Qubadlı rayonunda görülən işlərdən bəhs edərək qeyd etmişdir ki, 2012-ci ilin ötən 9 ayında rayonda da xeyli iş görülmüşdür. Rayon icra hakimiyyəti və rayonun yerli strukturları müvafiq dövlət orqanları ilə birlikdə ilk növbədə köçkünlərin kommunal-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində iş davam etdirilmişdir. Bu kontekstdə əsas yeri “Şəfa” sanatoriyasında aparılan işlər tutur. Burada yaşayan ailələrinin ağır məişət-kommunal problemlərinin həlli ilə bağlı müvafiq respublika təşkilatları qarşısında məsələ qaldırılması nəticəsində 83 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillərin şəraiti əsaslı təmir hesabına yaxşılaşdırılmış, su, qaz, elektrik xətləri və kanalizasiya sistemi təmir edilmiş, istifadəsiz qalan birinci və ikinci mərtəbələrin təmiri ilə 51 ailənin mənzili genişləndirilmişdir.
Dövlət Neft Şirkətinin köməyi ilə binada hər cür şəraiti olan 500 yerlik mərasim zalı bütün avadanlıqları ilə istifadəyə verilmişdir. Sanatoriyanın kitabxana və dəhliz hissələrində, mərasim zalına bitişik 200 kvadrat metrlik ikinci zalda əsaslı təmir işləri başa çatmışdır. Buradakı keçmiş kulubun idman zalına çevrilməsi üçün layihə sənədləri hazırlanmışdır. Hazırda yenidənqurma işləri gedir.
Ötən müddət ərzində digər ünvanlarda məskunlaşan məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. Sumqayıt şəhərindəki 12-ci mikrorayonda yerləşən 7a və 8b binalarının həyətindəki mərasim evi əsaslı təmir edilmiş, mərasim evinə 100 nəfərlik mətbəx dəsti və digər zəruri mətbəx avadanlıqları alınmış, binanın ətrafında 780 kvadrat metrlik asfalt işi aparılmışdır.
İnşaatçılar və Kimyaçılar qəsəbəsində 5 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillərdə döşəmələr əsaslı təmir edilmiş, Bərpa xəstəxanasında məskunlaşan məcburi köçkünlərin elektrik enerjisi ilə etibarlı təminatı ilə bağlı işlər görülmüş, burada elektrik açarları və naqilləri dəyişdirilmişdir.
Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 47-ci və 26-cı məhəllələrdəki obyektlərdə, 8-ci mikrorayondakı 17 saylı orta məktəb binasında, Kimyaçılar qəsəbəsindəki 2 saylı TREST-in və taksi parkının inzibati binalarında, 11-ci mikrorayonda yaşayış evi kimi istifadə olunan keçmiş mağaza binasında, Bərpa xəstəxanasının yarımçıq binasında 3000 kvadratmetrdən artıq dam örtüyü dəyişdirilmiş, əsaslı təmir edilmişdir.
Köçkünlərə mənzillərinin təmiri ilə bağlı tikinti materialları ilə də köməklik göstərilmişdir. Dəmir yol vağzalında, 7 saylı uşaq bağçasında, Stalçay qəsəbəsində, Beton zavod, Sarıqaya massivində və Kimyaçılar qəsəbəsində yaşayan 6 ailəyə üst-üstə 65 ədəd şifer, 4 kvadrat metr lambir, 12 kvadrat metr kafel, 4 kvadrat metr metlax, 300 ədəd mişar daşı, 20 kisə sement verilmişdir.
Məskunlaşma ərazilərində kommunal problemlər də həllini tapmışdır. Dəmir yol vağzalının 3-cü mərtəbəsində sıradan çıxmış kanalizasiya xəttinin 40 metr hissəsi, İnşaatçılar qəsəbəsindəki 1 sayl Peşə Liseyinin inzibati binasında məskunlaşan köçkünlərin istifadə etdiyi içməli magistral su xəttinin 90 metr hissəsi yenisi ilə əvəz edilmiş, məskunlaşma yerlərində 21 su və kanalizasiya qəzaları aradan qaldırılmışdır.
Beton zavod yaşayış massivində evi tamamilə yanmış məcburi köçkünün mənzili yenidən inşa olunmuş, Hacıqabul rayonunun Nəvai qəsəbəsində bir şəhid ailəsinə 2 otaqlı ev tikilmişdir.
Bunlardan əlavə cari ilin 9 ayında rayonda abadlaşdırma işləri də davam etdirilmişdir. İcra hakimiyyətinin yerləşdiyi binanın ətrafına, Mədəniyyət və Turizm idarəsinin həyətinə 900 kvadratmetrə qədər tamet tavalar döşənmişdir. Eyni zamanda Mədəniyyət və Turizm şöbəsinin yerləşdiyi binanın fasadı üzlük daşla üzlənmiş, bina memarlıq elementləri ilə bəzədilmişdir.
Son on ildə təhsil sisteminin maddi bazasının möhkəmləndirilməsi üçün əsaslı işlər görülmüşdür. Buraya 6 mindən çox şagirdin təhsil aldığı 10 yeni məktəb binasının tikilməsi, yenidən qurularaq əsaslı təmir edilmiş 18 məktəb binası aiddir. Bununla belə tələbat artdıqca ayrı-ayrı məktəblərdə yeni sinif otaqlarının tikilməsinə, mövcud sinif otaqlarının əsaslı təmirinə ehtiyac duyulduğundan bu işlərin görülməsi müntəzəm xarakterlidir. Ötən 9 ay ərzində də bu sahədə işlər davam etdirilmişdir. Muradxanlı, Fərcan tam və Xanlıq ümumi orta məktəblərində müasir tipli istilik sistemləri quraşdırılmış, qalan məktəblərin hamısında cari təmir işləri aparılmış, sıradan çıxmış tavan, döşəmə və dam örtülkərinin yeniləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Şübhəsiz ki, məktəblərdə maddi bazanın kökündən yaxşılaşdırılması təhsilin keyfiyyət göstəricilərinin artmasına gətirib çıxarır.
Ötən dərs ilində rayon məktəblərini bitirən məzunlardan 265 nəfəri qəbul imtahlarında iştirak etmişdir. Həmin məzunlardan 122 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarını uğurla verənlərdən 12 nəfəri 500 baldan, 4 nəfəri isə 600 baldan artıq nəticə göstərənlərdir.
Qeyd edilmişdir ki, rayonda büdcə vəsaitindən səmərəli istifadə olunması üçün ardıcıl iş aparılır. 2012-ci ilin 9 ayında rayon büdcəsinin icrası əsasən proqnoz göstəricilərinə uyğundur. Vergilər üzrə 9 ayda 2 milyon 309 min manat proqnoza qarşı 3 milyon 701 min manat vəsait toplanmışdır ki, bu tapşırığın 160,3 faiz icra edilməsi, yaxud büdcəyə 1 milyon 392 min manat artıq vəsait daxil olması deməkdir.
Əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi daim diqqət mərkəzindədir. Təkcə 2012-ci ilin ötən dövrü ərzində 196 nəfər işlə təmin edilmişdir. Regionların İnkişafı Dövlət Proqramının qəbulundan ötən dövr ərzində isə 2501 yeni iş yeri açılmışdır. Rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 297-dir. Həmin ailələrə 31 min 535 manat vəsait ödənilir.
Səhiyyə və mədəniyyət sahələrinin maddi bazasının genişləndirilməsi üçün tədbirlər davam etdirilir. “Şəfa” sanatoriyasında daha 1 tibb məntəqəsi və 2 kitabxana yerləşdirilməsi nəzərdə tutulmuşdur. Burada artıq onlar üçün nəzərdə tutulan otaqlar hazırdır.
Rayon gənclərinin idman nailiyyətlərindən bəhs edən başçı qeyd etmişdir ki, cari ildə Türkiyədə keçirilən Tayboks üzrə Avropa çempionatında “Qubadlı” idman kulubunun idmançıları Nahid Əsədov və Orxan Baxşəliyev 1-ci yeri, Rauf Nəcəfov 2-ci, Murad Əliyev 3-cü yerləri tutmuşlar. İslam Abuşov isə Yunan-Roma güləşi üzrə həm Avropa çempionu, həm də dünya çempionu olmuşdur. Qaydasız döyüş üzrə Ukrayna respublikasında keçirilən Avropa çempionatında Yaqub Zamanov 1-ci yerə layiq görülmüşdür. Digər turnirlərdə də rayon idmançıları yaxşı nəticələr əldə etmişlər. İdman ili olan 2012-ci ildə beynəlxalq yarışlara gedən 4 idmançımıza rayon İcra hakimiyyəti tərəfindən köməklik göstərilmişdir.
Aztəminatlı və imkansız ailələrə rayonda göstərilən köməkliklər də diqqətdən kənarda qalmamışdır. Yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı ayrı-ayrı köçkünlərə yerli imkanlar hesabına Rayon İcra Hakimiyyəti tərəfindən 39 min 365 manat yardım göstərilmişdir.
Başçı sonda qeyd etmişdir ki, möhtərəm cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çıxışdan irəli gələn vəzifələri özlərinə fəaliyyət proqramı kimi qəbul edən qubadlılar bundan sonra da üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinə var qüvvə ilə ilə çalışacaqlar.
 

Keçidlər