5 oktyabr - Beynəlxalq Müəllimlər Günü
5 oktyabr 2023-cü il tarixində Qubadlı Rrayon İcra Hakimiyyətinin inzibati binasında 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri,Şərqi Zəngəzur Regional təhsil idarəsinin müdiri Fuad Bədəlov, Qubadlı rayon sektorunun məsul əməkdaşları, məktəb direktorlarıvə müəllimlər iştirak edirdilər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdəçıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlararzuladı.
Qeyd olundu ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Müəllimlik peşəsi hər zaman ən yüksək zirvədə olan peşədir”. Bu gün də dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Qeyd olundu ki, bugünədək rayonumuzda fəaliyyət göstərən 10 müəllim “Tərəqqi” medalına, 13 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Bu il rayonumuzun H.Quliyev adına Çaytumas kənd məktəb-liseyi, Qubadlı Şəhər-4 saylı tam orta məktəbi, Q.Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbi, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 39 məzunun hamısı, Qubadlı Şəhər-4 saylı tam orta məktəbində ali məktəblərə sənəd verən 14 məzun, Q.Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbində sənəd verən 12 məzun, F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbində sənəd verən 23 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində 11 məzun, B.Məmmədov adına Fərcan kənd tam orta məktəbində isə sənəd verən 6 məzunun hamısı tələbə adını qazanmışdır.
Cari ildə 710 məzundan 582 nəfəri sənəd vermiş və onlardan 464 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 62 nəfər məzun 500-600 arası, 16 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 79.7% təşkil edir.
Rayon üzrə ən yüksək nəticəni isə Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbin məzunu Süleymanov Fəhmin Azər oğlu göstərmiş, 665 bal toplayaraq uğur əldə etmişdir.
Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov və digər təhsil işçiləri həm məcburi köçkünlük dövründə onlara tədris üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya, həm də işğaldan azad olunmuş rayonumuzda qısa müddətdə görülmüş işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova öz minnətdarlıqlarını bildirdilər və tezliklə fəaliyyətlərinin işğaldan azad olunmuş torpaqlarımızda davam etdirilməsini arzuladılar.
Sonda fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlar təqdim olundu.